AZ

Elnur Məmmədov: "Hər matçda başqa atmosfer olurdu"

"Bu gün möhtəşəm finalın şahidi olduq".

İdman.biz xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turniri haqqında danışarkən deyib.

O, jurnalistlərə açıqlamasında bildirib ki, artıq üçüncü ildir keçirilən yarış bir çox müsbət məqamlarla yadda qalıb: "Bu gün çoxsaylı azarkeşlərlə birlikdə maraqlı oyun izlədik. Altı aydan çox davam edən turnirdə demək olar ki, hər matçda başqa atmosfer olurdu. Çünki dövlət qurumlarının əməkdaşları, onların ailə üzvləri oyunlara gəlib öz komandalarını dəstəkləyirdilər".

Məmmədov turnirə böyük maraq olduğunu vurğulayıb: "Sevindirici haldır ki, ənənəvi olaraq dövlət qurumlarının komandaları bu turnirdə iştirak edir. Ədliyyə Nazirliyinin komandası artıq ikinci dəfə çempion olur. Bir məqamı xüsusi olaraq qeyd etmək istərdim ki, mükafatlandırma mərasiminə Ədliyyə Nazirliyinin komandasının oyunçuları məhz uşaqları ilə birlikdə çıxdı. Biz əgər uşaqlarımızın sağlam həyat tərzi keçirməsini istəyiriksə, əvvəlcə özümüz nümunə olmalıyıq".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 39 kollektiv iştirak edib.

Aytac Sahəd
İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr