İstanbul nəhəngində 37 rəsmi oyuna 33 qol vuran nigeriyalı forvard artıq şəxsi rekordunu yeniləyib. Klub tarixində bir mövsümə ən çox qol vuran əcnəbi futbolçuya çevrilməsi üçün onun cəmi 2 qola ehtiyacı var. ''Cim-Bom''u 4-ü superliqa, 1-i kubokun finalı olmaqla mövsümün sonuna qədər 5 oyun gözləyir.
Böyük ehtimalla bu matçların ardından 26 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu ''Napoli''yə qayıtmalı olacaq. Osimhen jurnalistlərə bunları deyib:
''Türkiyədəki həyat çox xoşuma gəldi. Bunun dadını çıxarmaqda davam edirəm. İnanılmaz bir azarkeş ordusu var. Ümumiyyətlə türk xalqı futbolu çox sevir. Sadəcə möhtəşəmdilər və öz komandalarına qəlbən bağlıdılar. Ailəlikcə burda çox xoşbəxtik. Qızım cəmi yaşyarımlıq olsa da, ''Qalatasaray''a aid bütün marşları bilir və onları oxuyur. Türkiyənin ən böyük klubunda yer aldığım üçün sevincliyəm. Mən bura kimlərinsə rekordunu qırmaq üçün gəlməmişəm. Sadəcə səviyyəni daha da artırmaq üçün gəlmişəm. Komandaya, məşqçiyə, prezidentə və rəhbərliyə mənə verdikləri dəstəyə görə təşəkkür edirəm. Beşinci ulduzu qazanacağımıza əminəm. Cəmi 5 oyunumuz qaldı. Bu 5 matçda meydanda hər şeyimi verməyə, var gücümü ortaya qoymağa hazıram. Əsas ''Qalatasaray''ın qazandığı uğurlardı''.