AZ

Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib - VİDEO

Mayın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin dəvəti ilə Azərbaycanda rəsmi səfərdə olan Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, professor, general Qabor Böröndinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.

Zəfər parkına gələn Macarıstan nümayəndə heyəti Zəfər abidəsinin önünə əklil qoyub.
Nazirlikdə keçirilən görüşdə Azərbaycan müdafiə naziri qonaqları salamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyətindən razılıq ifadə edən nazir Macarıstanın bütün səviyyələrdə ölkəmizə dəstəyini xüsusi qiymətləndirib.
Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərdən danışan müdafiə naziri ölkələrimiz arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb.
General Q.Böröndi öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı etimad və dostluğa dayanan münasibətlərimizin inkişaf etdirilməsində bu cür səfərlərin və keçirilən görüşlərin müsbət təsirini qeyd edib.
Görüşdə hərbi əməkdaşlığın gələcək perspektivləri və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən rəsmi qarşılanma mərasimində hər iki ölkənin Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib. Azərbaycan və Macarıstan respublikalarının Dövlət himnləri səsləndirilib. General Q.Böröndi protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
General-polkovnik K.Vəliyev macarıstanlı həmkarı ilə görüşüb.
Görüşdə Azərbaycan və Macarıstan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı təcrübə mübadiləsinin, o cümlədən hərbi qulluqçuların peşəkarlığının artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin vacibliyi qeyd olunub.

 

 

Seçilən
0
27
operativmm.az

10Mənbələr