AZ

Hindistan-Pakistan müharibəsində Rusiya pərdəarxası rol oynayır...


Ramil Məmmədli: “Burada Rusiyanın bir neçə məqsədi ola bilər”

Kremlin sözçüsü Dmitri Peskov Pakistan və Hindistan arasındakı gərginlikdən narahat olduqlarını bildirib. Hər iki ölkə ilə münasibətlərə önəm verdiklərini qeyd edən Kremlin sözçüsü bunları deyib: “Sərhəd bölgəsində artan gərginlikdən ciddi narahatlıq duyuruq və vəziyyəti yaxından izləyirik”.

Peskov Hindistanın Rusiya üçün strateji tərəfdaş, Pakistanın isə bir çox sahədə mühüm dövlət olduğunu vurğulayıb. O, iki ölkənin gərginliyi azaltmaq üçün bir həll yolu tapacağına ümid etdiyini bildirib.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Pakistan və Hindistanın Moskvadakı səfirləri Məhəmməd Xalid Camali və Vinay Kumar ilə görüşlər keçirib. O, iki ölkə arasında gərginliyin artması ilə əlaqədar hər iki tərəfi təmkinli olmağa və dialoqa çağırıb.

Maraqlıdır, Rusiya hazırda Hindistan-Pakistan münaqişəsində həqiqətən nə rol oynayır?

“Ola bilsin Moskva bunu iki ölkə arasında qarşıdurma hesabına təmin etməyə çalışsın”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Rusiya tərəflər arasında vasitəçi ola bilər: “Burada Rusiyanın bir neçə məqsədi ola bilər. Birincisi, Rusiya Hindistanla Pakistan arasında vasitəçilik etməklə dünyada düşdüyü izqoy vəziyyətindən çıxmaq istəyir. Məsələ ondadır ki, Rusiya Ukraynada apardığı müharibə səbəbindən təcrid olunub. Bir tərəfdən Rusiyaya qarşı çoxsaylı sanksiyalar qəbul edilib, o biri tərəfdən Rusiya beynəlxalq tədbirlərə dəvət edilmir. Belə bir məqamda Rusiya vasitəçilik etməklə hansısa xalq qazanmaq istəyir. Soyuq müharibə dönəmində BMT Təhlükəsizlik Şurasında keçirilən toplantılarda ənənəvi olaraq Rusiya Hindistanın, ABŞ isə Pakistanın xeyrinə mövqe sərgiləyirdi. SSRİ dağılandan sonra Rusiyanın Pakistanla da əlaqələri genişləndi, amma Hindistan qədər yaxın olmadı. Pakistanın əsas tərəfdaşı qismində Çin çıxış edir. Çinlə Hindistan isə əzəli rəqiblərdilər. Moskva hesab edir ki, Pakistan Hindistanla birlikdə Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunur. Bununla belə, Pakistan 2024-cü ildə BRİKS-ə qoşulmaq üçün müraciət edib və respublikanın assosiasiyaya qoşulması məsələsində Rusiyanın köməyinə ümid edir. Düzdür, hələlik Pakistanın BRİKS-ə üzvlüyü təmin edilməyib, amma gözləntiləri var. İkincisi, Rusiya hesab edir ki, Hindistanla Pakistan arasında müharibə başlasa, bu, Moskvanın ziyanına olmayacaq. Ən başlıcası ona görə ki, Qərbin Ukraynaya diqqəti azalacaq. Nəticədə Rusiya işğalı daha asan şəkildə genişləndirə bilər. Həmçinin, bir sıra silahları Hindistan Rusiyadan əldə edəcək. Fikrimcə, bu iki ssenarilərdə Rusiya maraqlı ola bilər. 2023-cü ilin oktyabrında Qəzzada müharibənin alovlanması Rusiyanın Ukraynada öz məqsədlərinə tam çatmaq üçün yetərli olmadı. Ola bilsin Moskva bunu Hindistan-Pakistan qarşıdurmasının güclənməsi hesabına təmin etməyə çalışsın. O baxımdan yaxın dövrdə proseslərin hansı isistiqamətdə inkişaf edəcəyini görəcəyik”.

Vidadi ORDAHALLI

Seçilən
0
baki-xeber.com

1Mənbələr