Məşhur şotland mütəxəssis, “Mançester Yunayted”in keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson açıqlamsı ilə gündəmə gəlib.
Arena.az “GiveMeSport” dərgisinə istinadən məlumat verir ki, saçlarını futbolda ağartmış 83 yaşlı qocaman mütəxəssis dünya futbol tarixinin ən yaxşı oyunçusu haqda müxtəlif mülahizələrin dayanmadan baş alıb getdiyi müasirliyimizdə, müvafiq məsələyə birdəfəlik nöqtə qoyub:
“Pele – bütün zamanların ən yaxşı oyunçusudur”, deyə Ser Aleks Ferqyuson qısaca və qətiyyətlə vurğulayıb.
“Futbol Kralı” Pelenin təqdimata ehtiyacı yoxdur. Ser Aleks Ferqyusona gəlincə:
Şotland mütəxəssis 1986-2013-cü illərdə “Mançester Yunayted”i çalışdırıb. Bu müddətdə “qırmızı şeytanlar” 13 dəfə İngiltərə çempionu olublar. Həmçinin “Mançester Yunayted” 5 dəfə İngiltərə Kubokunun, 4 dəfə İngiltərə Liqa Kubokunun, 10 dəfə İngiltərə Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının qalibi olub, eləcə də Avropa Kuboklar Kubokunu, UEFA Super Kubokunu, Qitələrarası Kuboku və FIFA Klub Dünya Kubokunu qazanıb. Ümumilikdə, Aleks Ferqyusonun rəhbərliyi altında “qırmızı şeytanlar” top fərqi 2804:1395 nisbəti mənzərəsində 1499 oyun keçiriblər, 902 qələbə, 326 heç-heçə, 271 məğlubiyyət yaşayıblar.
Ferqyuson “Mançester Yunayted”in sükanı arxasında iki dəfə (1998, 2007) dünyanın ən yaxşı məşqçisi seçilib.
Ser Aleks Ferqyuson “Mançester Yunayted”i dünya futbolunun zirvəsinə qaldırmaqla yanaşı, klubda müasir futbol ölçülərini müəyyən edib. Əbəs deyil ki, Ferqyusonun “qırmızı şeytanlar”dan ayrılmasından sonra “Mançester Yunayted” bir müddət iddiasını sürdürsədə, hazırda futbol səhnəsində tarixən ən pis dövrünü yaşayır.