AZ

“Azərbaycanda nəqliyyatın aktual problemləri” XXVI elmi-texniki tələbə konfransı keçirilir

Bakı, 6 may, AZƏRTAC

Bu gün “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA) Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanda nəqliyyatın aktual problemləri” XXVI elmi-texniki tələbə konfransı işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransın təşkilatçıları Elm və Təhsil Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-dir.

Konfransda MAA-nın tələbələri ilə yanaşı, xarici ölkələrin, həmçinin respublikanın digər ali təhsil müəssisələrinin tələbələri də iştirak edirlər. Konfrans iştirakçıları əvvəlcə MAA-nın yaradıcı tələbələrinin innovativ layihələrinin sərgisi ilə tanış olublar.

Konfransı giriş sözü ilə açan MAA-nın birinci prorektoru, professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin konfrans iştirakçılarına təbrikini oxuyub. Elmi-texniki tələbə konfransına 8 bölmə üzrə ümumilikdə 208 məruzə təqdim olunub.

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” mövzusunda geniş məruzə ilə çıxış edib.

Plenar iclasda daha 3 məruzə dinlənilib.

Qazaxıstan Mülki Aviasiya Akademiyasının dosenti Olqa Qarmaş “Qazaxıstanın aeroportları: çağırışlar və imkanlar” mövzusunda, MAA-nın Energetika mühəndisliyi ixtisasının 2552a qrup tələbələri Elnur Məmmədov və Elşən Əlisoy “İntellektual avtodayanacaq və nəqliyyat axını sisteminin layihəsi” mövzusunda, MAA-nın Pilotsuz uçuş aparatları qrupunun mühəndisləri Sərxan Ağadadaşov, Mirkərim Məcidli, Arif Əlihüseynov və Məhəmmədəli Hacızadə isə “Konseptual pilotsuz uçuş aparatları layihələri” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfrans işini mayın 7-də bölmələrdə davam etdirəcək.

Seçilən
0
azertag.az

1Mənbələr