Kamran Əsədov: “...Orta ümumtəhsil məktəblərinin adlandırılması və statuslandırılması sahəsində normativ qarışıqlıq, məzmun qeyri-müəyyənliyi və institusional uyğunsuzluq ciddi problemlərdən biridir”
Tam orta təhsil verən məktəblərin təhsilvermə səviyyəsinin hansı şəkildə olduğunu təbii ki, onların məzunlarının imtahanlarda qazandıqları nəticələr müəyyən edir. Bu gün paytımızda müxtəlif adda tam orta təhsil verən məktəblərin olduğu məlumdur.
Məsələn, İ.Əfəndiyev adına "Elitar" gimnaziya, 160 saylı klassik gimnaziya, Humanitar fənlər təmayüllü məktəb-lisey, Texniki humanitar lisey, 2 saylı texniki-humanitar lisey, 147 saylı texniki-humanitar təmayüllü lisey, İ.Hacıyev adına "Tərəqqi" liseyi, “Zəngi” liseyi, 291 saylı Ekologiya liseyi, 287 saylı “Zəkalar” liseyi, “Ankara Məktəbi” məktəb-liseyi, 62 saylı məktəb-lisey, 70 saylı məktəb-lisey, 220 aylı məktəb-lisey, 145 saylı tam orta məktəb, 161 saylı tam orta məktəb, 260 saylı tam orta məktəb və sair.
Gördüyünüz kimi, bu məktəblərin fərqli-fərqli adları və statusları var. Biri liseydi, biri məktəb-lisey, biri tam orta məktəb, biri texniki lisey, biri texniki - humanitar liseydir və sair.
Bu adlar onlara nə prinsiplə qoyulub? Onların bir birindən fərqi nədir? Məsələn, liseylə məktəb - liseyin fərqi nədir? Məktəb liseylə tam orta məktəbin fərqi nədir? Bu adlar məktəblərə hansı prinsiplərlə qoyur? Bu adların məktəblərin mahiyyətində praktik olaraq nə kimi fərqi var? Orta məktəblə liseyin tədris proqramında nə kimi fərq var?
“Bu müddəalar real həyatda əksər hallarda icra olunmur və bu adlandırmalar daha çox prestij, forma və görünüş xarakteri daşıyır”
Tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, indiki şəraitdə bu istiqamətdə qarşıqlıq var: “Hazırda Azərbaycanda orta ümumtəhsil məktəblərinin adlandırılması və statuslandırılması sahəsində normativ qarışıqlıq, məzmun qeyri-müəyyənliyi və institusional uyğunsuzluq ciddi problemlərdən biridir. “Tam orta məktəb”, “lisey”, “məktəb-lisey”, “gimnaziya”, “texniki-humanitar lisey” və digər bu kimi adların verilməsi qanunvericilikdə müəyyən olunmuş prinsiplərə əsaslansa da, praktiki tətbiqdə onların funksional fərqliliyi ya çox zəifdir, ya da formal xarakter daşıyır. Bu isə təhsil müəssisələrinin fəaliyyət istiqamətlərini, ictimai nüfuzlarını və şagirdlərin inkişaf imkanlarını reallıqda adekvat əks etdirmir”.
K.Əsədovun sözlərinə görə, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14.3-cü maddəsinə əsasən, ümumi təhsil müəssisələri ümumi təhsil məktəbi, lisey və gimnaziya formasında təşkil oluna bilər. Ekspertin bildirdiyinə görə, qanunun 14.4-cü maddəsində qeyd edilir ki, lisey və gimnaziyalar xüsusi proqramlarla dərindən ixtisaslaşdırılmış tədrisi həyata keçirən təhsil müəssisələridir və şagirdlərin seçimi müsabiqə əsasında aparılır: “Lakin bu müddəalar real həyatda əksər hallarda icra olunmur və bu adlandırmalar daha çox prestij, forma və görünüş xarakteri daşıyır.
Məsələn, “lisey” statuslu bir çox məktəbdə dərinləşdirilmiş təmayül təhsili verilmədiyi, sadəcə adi ümumi təhsil proqramının təkrarı olduğu müşahidə olunur. Bu cür adlar məktəbin kadr potensialında, tədris proqramlarında, laboratoriya və resurs təminatında heç bir fərq yaratmadan istifadə olunur. Bu isə təhsil müəssisələri arasında süni fərqlər yaradır, amma şagirdin aldığı təhsilin məzmununa və keyfiyyətinə təsir göstərmir. Müvafiq təmayüllərin (texniki, humanitar, təbiət elmləri və s.) tətbiqi üçün nəzərdə tutulan dərs saatı, kurikulum strukturunda əhəmiyyətli dəyişikliklər çox zaman olmur. Qanunun tələb etdiyi “xüsusi proqram” isə əksər hallarda ya kağız üzərində qalır, ya da formal tədbirlər və tədbirlər planı ilə əvəzlənir.
Statistik göstəricilər də göstərir ki, məktəbin “lisey” və ya “gimnaziya” adlanması onun nəticələrinə hər zaman birbaşa təsir etmir. 2023-cü il qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin təxminən 60 faizi adi “tam orta məktəb” statuslu məktəblərdə təhsil alıb. Bu isə onu göstərir ki, məktəbin adından çox, onun rəhbərliyi, müəllim heyəti, inzibati fəallığı və valideyn-məktəb əməkdaşlığı həlledici amildir. Beləliklə, adlandırma mexanizminin məzmunla uzlaşmadığı hallarda o, təhsil prosesində fayda vermir, əksinə, etimadı azaldır”.
K.Əsədovun qeyd etdiyinə görə, dünya təcrübəsi ilə müqayisədə görürük ki, inkişaf etmiş ölkələrdə məktəblərin adlandırılması konkret pedaqoji və inzibati funksiyalar əsasında aparılır və ciddi akkreditasiya meyarlarına bağlıdır. “Məsələn, Almaniyada “Gymnasium” adını daşıyan məktəblər yalnız yüksək akademik nəticələr və universitetə yönümlü dərs proqramı əsasında fəaliyyət göstərir, bu məktəblərə qəbul sərt meyarlarla tənzimlənir. ABŞ-da “Charter School”, “Magnet School”, “STEM Academy” kimi statuslar konkret ixtisaslaşma, müstəqillik səviyyəsi və maliyyələşmə modelləri ilə fərqlənir. Bu fərqlər həm proqram məzmununda, həm müəllim hazırlığında, həm də qiymətləndirmə sistemində əks olunur. Ən əsası, bu adlar qanunvericiliklə birmənalı şəkildə təsbit edilir və ictimai nəzarət mexanizmi ilə müşayiət olunur.
Azərbaycanda isə bu statusların verilməsi çox zaman reallıqdan çox istək və imic üzərində qurulur. Məsələn, bir məktəb müəyyən dövrdə ictimai nüfuz qazandıqda, onu “lisey” və ya “gimnaziya” adlandırmaq üçün təhsil orqanlarına müraciət edir, lakin bu, təhsil məzmununun və ya metodikasının dəyişməsi ilə müşayiət olunmur. Nəticədə, bir çox məktəbdə “lisey” və “tam orta məktəb” statusları yalnız ad fərqinə çevrilir. Bu isə təhsil siyasətində sistemsizliyin göstəricisidir və şagirdlər üçün imkan bərabərliyini sual altına alır.
Müsbət məqam ondan ibarətdir ki, bəzi məktəblər – məsələn, 160 saylı Klassik Gimnaziya və ya “Zəngi” liseyi – həqiqətən də öz adlarına uyğun şəkildə seçmə əsaslı qəbul, dərinləşdirilmiş tədris, güclü müəllim potensialı və beynəlxalq əməkdaşlıq proqramları ilə fəaliyyət göstərir. Bu nümunələr göstərir ki, əgər məktəbə status verilir, bu statusu daşımaq üçün real struktur və məzmun islahatları aparılarsa, bu zaman adlandırmanın faydası olur. Lakin bu, sistematik deyil, ayrı-ayrı təşəbbüslər səviyyəsində baş verir.
Bütün bu təhlillər onu göstərir ki, Azərbaycanda məktəb statuslarının verilməsi üçün yeni, şəffaf və funksional əsaslara söykənən meyarlar hazırlanmalıdır. Bu meyarlar aşağıdakılara əsaslanmalıdır: ixtisaslaşdırılmış kadr heyəti, minimum təchizat və texniki baza, kurikulum fərqliliyi, qəbul meyarları, akkreditasiya qiymətləndirmələri və ictimai hesabatlılıq. Yalnız bu halda “lisey”, “gimnaziya” və ya “məktəb-lisey” statusları formal deyil, funksional mahiyyət daşıyacaq və təhsil sisteminin keyfiyyətini artıracaq”.
K.Əsədovun sözlərinə görə, dəyişəcək məqamlar arasında ilk növbədə şagirdlərin seçimi daha məqsədyönlü olacaq, məktəblərin təmayül fərqliliyi real tədris məzmununa çevriləcək, müəllim hazırlığı məqsədli şəkildə planlaşdırılacaq və resursların bölgüsü daha ədalətli aparılacaq: “Dəyişməli olan əsas məsələ isə – məktəb statuslarının ad xatirinə yox, tədris keyfiyyəti və funksional ixtisaslaşma əsasında verilməsidir. Əgər bu baş verməzsə, təhsil müəssisələrinin etibarlılığı daha da zədələnəcək və təhsil siyasəti simvolik vitrinlərdən ibarət olacaq”.
İradə SARIYEVA