AZ

Azərbaycanda bir nəfər iki yerdə işləyə bilərmi? 

Müasir dövrdə artan iqtisadi çətinliklər, inflyasiya və maaşların yaşayış minimumuna adekvat olmaması bir çox insanı əlavə gəlir mənbələri axtarmağa vadar edir. Bu səbəbdən işçilər əsas işlərindən əlavə olaraq ikinci və ya üçüncü iş yerində də çalışmaq məcburiyyətində qalırlar. Bu hal təkcə şəxsi seçim deyil, həm də sosial-iqtisadi zərurətdən doğan bir tendensiyadır. Belə vəziyyət isə bəzi vacib sualları gündəmə gətirir. Qanunvericilik bir nəfərin bir neçə yerdə işləməsinə icazə verirmi? İki və ya daha çox işdə işləmək effektivdirmi, yoxsa bir yerdə tam ştatla işləmək daha məqsədəuyğundur? İşçi əlavə iş yerində işlədiyini əsas iş yerinə bildirməlidirmi?
Bu barədə Moderator.az-a danışan  əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bildirib ki, Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər:
 
1.Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.
 
2. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. Sadəcə olaraq, əlavə iş yerlərinin iş saatları ilə bağlı məhdudiyyət var ki, əsas şerində iş saatlarının müddəti gündəlik səkkiz saat, həftəlik 40 saatdan çox ola bilməz və əlavə iş yerlərində isə iş vaxtının cəmi müddəti bir və ya bir neçə əlavə iş yeri olmasından asılı olmayaraq gündəlik dörd saat, həfətlik 20 saatdan çox ola bilməz. 
3. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər.
4. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.
 
5. Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.
 
6. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi bu Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər.
 
7. Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur”.
 
Ekspertin sözlərinə görə, bir neçə iş yerində işləmək əlavə gəlir gətirə bilər, lakin fiziki və psixoloji yorğunluq yarada bilər. Ona görə də daha yaxşı olar ki, işçi bir iş yerində çalışsın, qalan vaxtını isə öz işlərinə, ailə və digər məsələlərə sərf etsin.
 
Mehin Mehmanqızı
 
Seçilən
0
moderator.az

1Mənbələr