Rizvan Fikrətoğlu: "Ötən illərlə müqayisədə apellyasiya müraciəti edən abituriyentlərin sayı artır"
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il 2 və 9 martda keçirilən 11-ci siniflərin buraxılış imtahanın nəticələri elan edildikdən sonra ümumilikdə 10 min 981 nəfər apelyasiya müraciəti edib. Onlardan 6305-i 2 mart, 4676-sı isə 9 mart tarixində keçirilən buraxılış imtahanında iştirak edənlərdir.
Qeyd edək ki, apelyasiya baxışından sonra abituriyentlərin ballarındakı dəyişiklik may ayının sonunadək sistemdə görünəcək. İmtahan nəticələri açıqlandıqdan sonra 1-3 iş günü ərzində apelyasiya üçün müraciət edilə bilər. Proses elektron qaydada, DİM-in rəsmi internet səhifəsində yerləşən şəxsi kabinet vasitəsilə həyata keçirilir. Açıq tipli suallar üzrə müraciətlər zamanı apelyasiya komissiyası ilə üzbəüz görüş də mümkündür. Belə hallarda iştirakçıya dəqiq vaxt və tarix bildirilir.
Qeyd etdiyimiz kimi, bu il 11-ci siniflərin buraxılış imtahanın nəticələri elan edildikdən sonra 10 min 981 nəfər apellyasiya müraciəti edib. Bu rəqəm isə bəzi sualların yaranmasına səbəb olub. Maraqlıdır, imtahan nəticələrindən narazı qalanların sayının artması emosional narazılıq, ya DİM-in məsuliyyətsizliyi?
"Narazılıq varsa, buna ciddi yanaşılmalıdır, apellyasiya müraciətinə az vaxt ayırmaqla, keçid pəncərəsini aşağılarda yerləşdirməkləməhdudlaşdırmaq yox"
Təhsil eksperti Rizvan Fikrətoğlu "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, ötən illərlə müqayisədə apellyasiya müraciət edən abituriyentlərin sayı artır: "Apellyasiyaya müraciət qismən çətindir və bütün abituriyentlər bunu bacara bilmir. Bunun üçün onlara hansısa şəkildə dəstək də göstərilmir. Abituriyentlərin narazılığına səbəb açıq tipli suallarla bağlıdır.Açıq tipli suallar yazılı cavab tələb edir. Həmçinin, qiymətləndirmə ilə də bağlı narazılıqlar olur. Burda subyektiv amillər var, belə ki, yazı işini tələbə kontingenti yoxlayır, yəqin naşılıq çox olub. Əvvəllər DİM appelyasiya edəndə abituriyenti dinləyirdi, ona təxminən 15 dəqiqə vaxt ayırırdı. Bu kimi proseslər olmadığına görə appelyasiya sanki bağlı qapılar arxasında keçirilir. Abituriyentlərin xəbəri olmadan yekun qiymətləndirmə yazılır. Ancaq bu, belə olmalı deyil. Nəzərə almaq lazımdır ki, Dövlət İmtahan Mərkəzinə bir abituriyentə görə 50 manat ödəniş edilir. İmtahan keçirmək ciddi bir prosesdir, abituriyentlərin taleyindən söhbət gedir. Narazılıq varsa, buna ciddi yanaşılmalıdır, apellyasiya müraciətinə az vaxt ayırmaqla, keçid pəncərəsini aşağılarda yerləşdirməkləməhdudlaşdırmaq yox".
Günel CƏLİLOVA