AZ

"Amerikalı 18 il ərzində özünə ilan zəhəri yeridib, onun qanından geniş təsirli antidot yaradılıb" - BBC

 
"Bu müddətdə Frid 200 dəfə ilan sancmasına məruz qalıb, 500 dəfəyə yaxın isə özünə zəhər yeridib..."
 
ABŞ vətəndaşı Tim Frid 18 il ərzində özünü ölümcül zəhərli ilanlara qəsdən sancdırıb və ya onların zəhərini birbaşa damarına yeridib. Onun məqsədi orqanizmində bu zəhərlərə qarşı immunitet formalaşdırmaq olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Nəşr yazır ki, bu qeyri-adi və təhlükəli eksperimentlərin nəticəsi olaraq Fridin qanında çox geniş spektrli neytrallaşdırıcı anticisimlər yaranıb. Bu isə alimlərə unikal imkan yaradıb: Fridin qanından istifadə edərək müxtəlif ilan növlərinə qarşı effektiv universal əleyhinə dərman hazırlanıb.
 
2017-ci ildə "Centivax" adlı biotexnologiya şirkətinin rəhbəri, immunoloq Ceykob Qlenvill Tim Fridin qeyri-adi eksperimentlərindən xəbər tutduqdan sonra dərhal onunla əlaqə saxlayıb. Qlenvill deyib: "Əgər dünyada kiminsə qanında belə geniş təsirli anticisimlər varsa, bu adam bizim axtardığımız şəxsdir". Frid bu təklifi böyük məmnuniyyətlə qəbul edib: "Nəhayət! Mən bu zəngi illərlə gözləmişdim".
 
Zəhərli ilan sancmalarına qarşı mübarizənin çətinlikləri
 
Zəhərli ilan sancmaları hər il dünyada 140 min insanın ölümünə, 400 mindən çox adamın isə əlil qalmasına və ya əzalarının amputasiyasına səbəb olur. Ənənəvi antidot (zəhər əleyhinə vasitə) zəhərin az miqdarda heyvanlara, məsələn, atlara yeridilməsi yolu ilə hazırlanır. Onların orqanizmi zəhərə qarşı anticisimlər istehsal edir, bundan sonra bu anticisimlər təmizlənərək dərman halına salınır.
 
Lakin bu metodun böyük çatışmazlığı var: müxtəlif növ və hətta eyni növ daxilində fərqli bölgələrdə yaşayan ilanların zəhərləri bir-birindən çox fərqlənir. Məsələn, Hindistanda yaşayan kobra üçün hazırlanmış antidot Şri-Lankadakı eyni növ kobraya qarşı zəif təsir edir. Bu səbəbdən genişspektrli və daha universal təsirə malik antidotların hazırlanması zərurəti ortaya çıxıb.
 
Timin qanı ilə aparılan tədqiqat və nəticələri
 
Alimlər 19 ölümcül aspid (kobralar, mamblar, taypanlar və s.) ilan növü üzərində fokuslandılar. Dünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, bu ilanlar planetin ən təhlükəli növlərindəndir. Fridin qanında bu ilanların zəhərindəki neyrotoksinləri tanıya bilən iki əsas növ anticisim tapılıb. Daha sonra alimlər üçüncü bir toksin növünü də hədəfləyən komponent əlavə edərək geniş təsirli antidot hazırlayıb.
 
Laboratoriya siçanları üzərində aparılan sınaqlarda dərman 19 növdən 13-nə qarşı tam qoruma, qalan 6-sı üçün isə qismən qoruyuculuq göstərib. Qlenvill bildirib ki, bu qədər geniş təsirli antidot indiyədək mövcud olmayıb. Alimlər indi dördüncü toksin sinfini də hədəfləyən komponent taparaq daha da güclü və tam qoruyucu preparat yaratmaq üzərində işləyir.
 
Gələcək hədəf: bütün zəhərlərə qarşı universal dərman
 
Zəhərli ilanların ikinci əsas qrupu olan gürzələr əsasən hemotoksinlərdən istifadə edir. Bu toksinlər qanı zədələyir, orqan funksiyalarını pozur. İlan zəhərlərində 10-a yaxın toksin növü mövcuddur və tədqiqatçılar inanır ki, 10-15 il ərzində bu toksinlərin hamısına qarşı effektiv antidot hazırlamaq mümkün olacaq.
 
Kolumbiya Universitetinin professoru, layihədə iştirak edən Piter Kvon qeyd edir: "Timin anticisimləri həqiqətən qeyri-adi dərəcədə güclüdür, o, öz immun sistemini ən geniş spektrli toksinləri tanımağa öyrədib".
 
Tim Fridin hekayəsi - özünü qurban verən həvəskar
 
Tim Frid uşaq yaşlarından ilanlara maraq göstərib. 2000-ci illərin əvvəllərində evində saxladığı zəhərli ilanlardan, o cümlədən kobra növlərindən zəhər alaraq özünə yeridib. Bir dəfə onu iki fərqli kobra bir saat fərqlə sancıb. Frid sonradan deyib: "Demək olar ki, həyat əlamətim qalmamışdı. İmmunitetim iki yox, yalnıx bir sancmaya çatırdı".
 
Bu hadisədən sonra 4 gün komada qalır və ayıldıqdan sonra qərar verir: ya tamamilə bu işdən imtina etməli, ya da onu sistemli şəkildə aparmalıdır. O, ikinci variantı seçib və düz 17 il 9 ay bu rejimi davam etdirib. Bu müddətdə Frid 200 dəfə ilan sancmasına məruz qalıb, 500 dəfəyə yaxın isə özünə zəhər yeridib. "Məqsədim dünyanın ən qorxunc ilanlarına qarşı müqavimət qazanmaq və onları məğlub etmək olub", - o, deyib.
 
 
2018-ci ildə bu təcrübələrə son verən Frid bütün prosesləri sənədləşdirərək "YouTube" kanalında paylaşıb və bu yolla alimlərin diqqətini cəlb edib. Keçmişdə avtomexanik olan Frid hazırda Qlenvillin rəhbərlik etdiyi "Centivax" şirkətində herpetologiya (ilanları öyrənən elm sahəsi) üzrə direktor vəzifəsində çalışır. O, deyib: "Bəşəriyyətə faydalı nəsə edə bildiyim üçün özümü yaxşı hiss edirəm. Bu mənim üçün çox önəmlidir. Qürur duyuram".
Seçilən
0
moderator.az

1Mənbələr