AZ

Böyük Britaniyanın Gürcüstandakı səfiri qərəzli olmaqda ittiham olunur

Tbilisi, 6 may, AZƏRTAC

“Böyük Britaniyanın Gürcüstandakı səfiri Qerat Uord qəsdən yalan bəyanatlar verir, çünki diplomat Gürcüstanda heç kimin medianın redaktor siyasətinə müdaxilə etmədiyini bilir”.

AZƏRETAC xəbər verir ki, Gürcüstan parlamentinin vitse-spikeri, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının liderlərindən biri Gia Volski deyib.

Qeyd edək ki, Qerat Uord sosial şəbəkə hesabında Dünya Mətbuat Azadlığı Günü ilə bağlı videomüraciət yayıb. Onun sözlərinə görə, Gürcüstan üçün azad və obyektiv mediaya malik olmaq vacibdir, çünki bu, demokratik dövlətin əsas komponentidir. Eyni zamanda, diplomat qeyd edib ki, Böyük Britaniya hakimiyyətin azad medianı məhdudlaşdırmaq cəhdi, debat məkanını bağlamaq cəhdi, eləcə də jurnalistlərin təhqir olunması faktlarından narahatdır

G.Volski bildirib ki, bu, qərəzli bəyanatdır: ”Bəzi tendensiyalara əsaslanaraq belə bəyanat verə bilməzsiniz. Heç kim heç kimin redaksiya siyasətinə müdaxilə etmir”.

Siyasətçinin sözlərinə görə, Gürcüstandakı media nümayəndələrinin onları maraqlandıran sualları vermək üçün hər cür imkanı var.

“Əgər siz bu reallığı görə bilmirsinizsə, ya məncə, sizdə müvafiq məlumat yoxdur, ya da bilərəkdən yanlış bəyanat verirsiniz” – deyə, Volski vurğulayıb.

Hakim partiyadan olan digər deputat Givi Mikanadze diplomata xatırladıb ki, Gürcüstan parlamenti media ilə bağlı reqlamentlər qəbul edib və siyasətçinin fikrincə, bu, tamamilə Britaniya modelinə əsaslanır.

“Britaniya səfiri bunu tənqid edirsə, bu, birbaşa onun öz ölkəsinin qanunlarını tənqid etdiyini göstərir” - deyə, Mikanadze bildirib.

Parlamentin daha bir neçə deputatı Böyük Britaniya səfirinin bəyanatını sərt tınqid edib və onu reallıqdan uzaq, qərəzli adlandırıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
0
azertag.az

1Mənbələr