Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov mümkün istefası ilə bağlı yayılan şayiələri şərh edərkən vəzifədən getmək istədiyini bildirib.
Kadırov qeyd edib ki, özü vəzifədən azad olunmasını xahiş edir ki, yeni rəhbərə öz ideyalarını və yanaşmalarını reallaşdırmaq imkanı verilsin.
“Özüm xahiş edirəm ki, məni vəzifədən azad etsinlər. Başqasının öz təşəbbüsləri, öz baxışı olacaq. Ümid edirəm ki, mənim xahişim dəstəklənəcək”, – deyə Kadırov bildirib.
O, konkret olaraq bu xahişi kimə ünvanladığını açıqlamayıb.
Bundan əvvəl “Novaya qazeta Evropa” nəşri Kadırovun səhhətinin pisləşməsinin onu hakimiyyəti təhvil verməyə hazırlaşmağa vadar etdiyi barədə material dərc edib. Nəşrin yazdığına görə, 2024-cü ildə Çeçenistan rəhbərinin vəziyyəti müvəqqəti olaraq stabilləşib, lakin 2025-ci ildə o, planlı müayinə üçün Moskvaya getməyib, həyat yoldaşı Medni Kadırova məxsus Qroznıdakı “Aimed” klinikasında müalicə alıb. O da bildirilirdi ki, Kadırovun qohumlarının və ona sadiq klanların, eləcə də oğullarının respublikada mövqeləri möhkəmlənir ki, bu da hakimiyyət dəyişikliyinə hazırlığın tərkib hissəsi ola bilər.