PKK terror təşkilatı bu həftə fəaliyyətini tam dayandıra bilər. Türk mediasındakı məlumatlara görə, terror təşkilatı özünü buraxmaq məqsədilə konqres keçirəcək və bu həftə ərzində qərar açıqlanacaq.
Məlumata görə, PKK-nın özünü buraxması və silahı yerə qoyması ilə bağlı qərar bu gün və ya mayın 6-da ictimaiyyətə açıqlana bilər.
Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bildirib ki, Sırrı Sürəyya Öndərin dəfn mərasimi zamanı Türkiyənin sülh mühitinə böyük ehtiyacının olduğu vurğulanıb.
"Xüsusilə də, DEM Partiyasından olan şəxslər Türkiyənin sülh mühitinə böyük ehtiyacından və bu prosesin qaçılmaz olmasından bəhs ediblər. Bundan əvvəl terror qruplaşmasının lideri Abdullah Öcalan da PKK-ya silahı yerə buraxması üçün çağırış edib. Bu çağırışa uyğun olaraq PKK yaxın vaxtlarda özünü buraxacağını demişdi. Nümayəndə heyəti Prezident də daxil olmaqla dövlətin müxtəlif orqanları ilə görüşüblər. Proses çox uğurla gedib. Bizə də deyilən, yəni bildiyimiz qarşıdakı müddət ərzində PKK-nın özünü buraxmasının gündəmdə olduğudur. İnşallah, ölkəmizin birlik və bərabərliyi, qardaşlar arası davanın sona yetməsi üçün bu proses baş tutar".