Son aylar mətbuatda və ictimaiyyətdə müzakirə olunan qalmaqallı hadisələrdən biri də bir dövlət qurumunda baş verən yeyinti qalmaqalı ilə bağlı idi. Məlumata görə, qurumun kommunikasiya rəhbəri vəzifəsində çalışan şəxs müşavirin dəstəyi ilə mövqeyini möhkəmləndirib və sonradan külli miqdarda maliyyə pozuntusuna yol verib. Araşdırmalar zamanı həmin şəxs etiraf edib ki, bu hərəkətləri özbaşına deyil, onu kurasiya edən şəxsin — qurumun müşavirinin bilavasitə iştirakı və razılığı ilə həyata keçirib. Bu isə məsələnin təkcə fərdi deyil, qrup halında həyata keçirilən bir yeyinti olduğunu göstərir.
Nəticədə kommunikasiya rəhbəri vəzifəsindən azad olundu, müşavir isə rəhbərliyin gözündən düşərək qurumun rəsmi saytının “Rəhbərlik” bölməsindən adı çıxarıldı. Lakin ən təəccüblüsü budur ki, adı bu qalmaqalda hallanan müşavir qısa müddət sonra daha böyük bir quruma yenidən müşavir təyin olunub.
Bu kimi hallar cəmiyyətdə haqlı suallar doğurur: Görəsən, kadr çatışmazlığı bu qədər kritik səviyyədədirmi ki, belə şəxslər yenidən yüksək vəzifələrə gətirilir? Yoxsa, vəzifə pillələrində sürətli yüksəlişin gizli səbəbləri var və o nazirlikdə yalnız “etibarlı” yeyintilərə göz yumulur?
Bu hadisə bir daha göstərir ki, şəffaflıq və hesabatlılıq prinsipləri olmadan istənilən islahatlar yarımçıq qalacaq. Cəmiyyət isə cavab gözləyir: Kimlər və niyə qorunur?