Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov Rusiyaya buraxılmayıb, o, Azərbaycana geri qaytarılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Badamovun Ruisyadan deportasiyasını "qeyri-dost addım" adlandırıb və Moskvadan izahat istəyib.
Rusiyanın adının açıqlanmasını istəməyən rəsmisi TASS agentliyinə bildirib ki, Azər Badamovun Rusiyaya buraxılmaması onun "anti-Rusiya və rusayafob çıxışlarına" görədir.
"Nümayəndə heyətinin Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O, bir müddət Moskva hava limanında gözlədildikdən sonra ölkəmizə geri qaytarılıb", – XİN-in mayın 4-də yaydığı açıqlamada bildirib.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Azər Badamov Azərbaycanın keçmiş Prezidenti, mərhum Heydər Əliyevin anadan olmasının ildönümü münasibəti ilə keçiriləcək tədbirdə iştirak etmək üçün Rusiyaya gedib.
"Rusiya dost ölkələrin nümayəndələrinə qarşı "stop qoyma" təcrübəsini dəstəkləmir. Badamova qarşı görülən tədbirlər fərdi xarakter daşıyır və Rusiya və Azərbaycan arasında olan strateji əməkdşalıq və müttəfiqlik əlaqələrinin ruhuna hər hansı təsir göstərmir", – TASS agentliyi adını açıqlamadığı mənbəsinə istinadən yazıb.
BBC Azərbaycanca bu ittihamlarla bağlı Azər Badamovdan şərh ala bilməyib.
Bakı və Moskva arasında münasibətlər AZAL-ın sərnişin təyyarəsinin Rusiya hava məkanında vurulmasından sonra gərginləşib.
Videoya Youtube kanalımızda baxın.