Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarına qarşı “Dronlar xətti” layihəsini həyata keçirməyə başlayıb.
Herbiand.az “Ukrainska pravda”ya istinadən bildirir ki, proyektdə beş ixtisaslaşmış bölmə iştirak edir: “Madyar quşları”, “Raroq”, “Axilles”, “Feniks” və “K-2”.
Məlumata görə, bu ilin əvvəlindən layihəyə rəhbərlik Ukrayna quru qoşunlarının komandanı, general Mixail Drapatiyə həvalə edilib.
Gözlənilir ki, proqramın tamamlanması Ukrayna pilotsuz təyyarələrinin düşmənə 50 kilometr radiusda hücum etməsinə imkan verəcək. Bu da Ukrayna Silahlı Qüvvələrinin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək.
“Dronlar xətti” hücum zonası sektorlarına bölünəcək: 5-dən 10 km-ə qədər, 10-dan 15 km-ə qədər, 15-dən 20 km-ə qədər və 20-dən 50 km-ə qədər. Hər bölmədə hücumlar üçün siqnallar ötürən kəşfiyyat heyəti olacaq. Qeyd olunur ki, ən böyük dron aktivliyi 5 kilometrlik zonada gözlənilir.
“Ukrainska Pravda”nın mənbələri bildirir ki, “Dronlar xətti” potensialı hələ tam reallaşdırılmayıb. Planların əksəriyyəti hələ də həyata keçirilməyib və layihə üzərində aktiv iş cəmi üç aydır ki, aparılır.
Bəxtiyar CƏFƏRLİ