Netanyahunun Azərbaycana səfərinin təxirə salındığını və niyə təxirə salındığını artıq hamımız bilirik.
Ötən yazımda da qeyd etdiyim kimi İsrail Baş nazirinin ofisinin yaydığı məlumatda bildirilib ki, Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi hadisələrin gərgin qrafiki və təhlükəsizlik tədbirləri səbəbindən Benyamin Netanyahu Azərbaycana səfərini başqa tarixə təxirə salmaq qərarına gəlib.
Əlbəttə, bu, sadəcə ilkin və rəsmi səbəbdir. Amma yeganə əsas səbəb deyil. Səfərin ləğv edilməsinin pərdəarxası gerçək səbəbləri ilə bağlı ən azından 4-5 versiya səsləndirilir. Özü də həmin versiyaların bəzilərində sözügedən səfərin Netanyahunun qərarı ilə yox, onun iradəsindən kənar ləğv olunduğu vurğulanır. Bu da məsələnin aktuallığını və intriqa əmsalını daha da artırır.
Öncə erməni və rusiyalı ekspertlərin gülünc və ya populist versiyalarından başlayaq. Onların versiyalarından biri budur ki, Netanyahunun Bakıya səfəri təxirə salması husilərin Təl-Əvivin Ben-Qurion aeroportunu raketlə vurması ilə əlaqəlidir. İsraillilərin husilərin zərbəsinə yeddi qat artıq sərt cavab verəcəkləri ehtimal olunur. Erməni və rusiyalı ekspertlərin məntiqinə görə, Netanyahu belə bir kritik məqamda Bakıda olmamalıdır, çünki Bakı İrana çox yaxındır...
Burada “Bakının İrana yaxınlığı” ifadəsi həm də ikibaşlı xarakter daşıyır. Belə ki, erməni ekspertlər iddia edirlər ki, guya, Pezeşkianın Bakıya səfərindən sonra Azərbaycan İsraildən uzaqlaşmaq, İranla yaxınlaşmaq xəttini seçib.
Bəli, Karine Gevorqyan kimi “ekspert”ciyəzlərin fantaziyaları həqiqətən də sərhədsizdir.
Ona görə də biz husilərlə bağlı versiyanı ciddiyə almamalıyıq. Çünki Netanyahunun Bakıya səfərinin təxirə salınması barədə məlumatlar husilərin Ben-Qurionu bombalamasından bir gün öncə yayılmışdı.
Bəzi rusiyalı ekspertlər isə Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının digər səbəbi kimi Türkiyə tərəfinin öz hava məkanını Netanyahunun uçuşu üçün açmamaq qərarını önə çəkirlər. Lakin bu da əsaslı səbəb deyil. Çünki Netanyahunun təyyarəsi alternativ marşrut kimi Bolqarıstan-Yunanıstan-Qara dəniz-Gürcüstan xəttindən də istifadə edə bilərdi. Düzdür, bu halda Netanyahunun uçuş müddəti əlavə 1 saat uzanacaqdı, lakin təhlükəsizlik baxımından çox rahat marşrut idi. Deməli, səfərin təxirə salınması heç də iddia edildiyi kimi Türkiyənin öz hava məkanını Netanyahunun üzünə bağlaması deyil.
Bəs, əsas səbəb nədir?