AZ

Sadəcə görüntü: İran danışığı da dalana dirənib

“Hesab edirəm ki, ABŞ ilə İran arasında aparılan danışıqlar indiki şərtlərlə davam edəcəyi təqdirdə, real nəticə verməyəcək”. 

Bu sözləri politoloq Tural İsmayılov “Cebheinfo.az”-a açıqlamasında deyib. Onun sözlərinə görə, Vaşinqton-Tehran danışıqları uzunmüddətli geosiyasi oyunun alətinə çevriləcək: 

“Çünki tərəflər arasındakı güclü strateji ziddiyyətlər və qarşılıqlı etimadsızlıq danışıqların irəliləməsinə ciddi mane olur. Nəzərə almaq lazımdır ki, İran qəti şəkildə sanksiyaların tam və birmənalı şəkildə ləğvini tələb edir. ABŞ də bunun əvəzində daha sərt nüvə nəzarət rejimi və regional davranış dəyişikliyi istəyir. Bu isə sadəcə fikir ayrılığı deyil, fundamental qarşıdurmadır”. 

Ekspert bildirib ki, İsrail-HƏMAS toqquşmalarının fonunda Yaxın Şərqdə gərginliyin artdığı bir zamanda ABŞ-İran münasibətləri daha da gərgin xarakter alıb: 

“Belə bir mühitdə danışıqlardan ciddi nəticə gözləmək real görünmür. Əgər tərəflər arasında siyasi iradə və strateji güzəşt ruhu yaranmasa, bu danışıqlar da Ukrayna məsələsindəki davam edən, amma nəticə verməyən sülh formatlarına bənzəyəcək. Daha dəqiq desək, diplomatik görüntü yaranacaq, amma real dəyişiklik baş verməyəcək”. 

Tural İsmayılov onu da diqqətə çatdırıb ki, İran 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq üçün sanksiyaların geniş şəkildə ləğvini tələb edir: 

“ABŞ isə İranın 60 faizdən çox zənginləşdirilmiş uran ehtiyatını azaltmasını və regiondakı təsirini məhdudlaşdırmasını istəyir. Bu isə sırf texniki yox, geosiyasi və ideoloji ziddiyyətdir. 

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) 2024-cü ilin son hesabatında İranın uranı 60 faizə qədər zənginləşdirdiyini və bu səviyyənin nüvə silahı istehsalına çox yaxın olduğunu vurğulayıb. ABŞ isə bu vəziyyəti regionda, xüsusilə İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ kimi müttəfiqləri ilə münasibətlərə riskli hesab edir”. 

Seçilən
0
cebheinfo.az

1Mənbələr