AZ

Mingəçevirdə şəhidlərin xatirəsi unudulur, ailələr imtina edirlər - REPORTAJ

MİNGƏÇEVİR, 6 may. TELEQRAF

Mingəçevirdə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri övladlarının əşyalarını Mingəçevir Şəhidlərin Xatirə Muzeyinə təqdim etməkdən imtina edirlər. Bunun əsas səbəbi, muzeyin çox pis və yararsız vəziyyətdə olmasıdır.

Teleqraf-ın yerli bürosuna danışan şəhid ailələri, dəfələrlə müxtəlif rəsmi qurumlara müraciət etmələrinə baxmayaraq, hələ də muzeyin problemlərinin həll edilmədiyini bildirirlər.

Onların sözlərinə görə, 1995-ci ildən fəaliyyət göstərən Şəhidlərin Xatirə Muzeyi tamamilə yararsız vəziyyətdədir. Muzeyin sahəsi dar, divarları və üzlük daşları dağılıb, havalandırma sistemi isə mövcud deyil. 260 Birinci Qarabağ müharibəsi şəhidinə məxsus 1122 eksponatın nümayişi üçün belə muzeydə lazımi şərait və imkanlar yoxdur. Həmçinin, mövcud eksponatlar da rütubət və havalandırma sisteminin olmaması səbəbindən məhv olmaqda davam edir.

Bütün bunlara əlavə olaraq, muzey mövsüm ərzində ilanların dolaşdığı qorxulu bir yerə çevrilir. Saxlancın əməkdaşı və şəhid bacısı Mətanət İsmayılova mövsüm boyunca muzeydə ilanlarla təmasda olduqlarını bildirir: "Dəfələrlə dezinfeksiya etdirməli oluruq, çünki ilanlar həm bizim, həm də ziyarətçilər üçün təhlükəlidir. Hələ dağılan üzlük daşlarını demirəm. Bu günlərdə bir daş qopub, az qala əməkdaşımızın başını yaracaqdı. Şükürlər olsun ki, ayağının altına düşdü".

Mətanət İsmayılova məhz bu və oxşar səbəblərdən Zəfər Yürüşü şəhidlərinin ailə üzvlərinin eksponatlarını bu muzeyə verməkdən imtina etdiklərini vurğulayır.

Onlar, eksponatları ya ev muzeylərində saxlayır, ya da ölkənin digər muzeylərində nümayiş etdirilməsi üçün üstünlük verirlər.

Hazırda muzeydə 6 əməkdaş çalışır, onlardan 4-ü şəhid anası, şəhid xanımları və şəhid bacılarıdır. Şəhərin şəhid ailələri və ziyarətçilərdən fərqli olaraq, onlar şəhidlərin xatirəsinə göstərilən bu diqqətsizlikdən daha çox xəcalət çəkirlər. Şəhid ailələri, dəfələrlə Mədəniyyət Nazirliyinə və digər rəsmi qurumlara müraciət etdiklərini qeyd edirlər, lakin hər dəfə cavabda eyni sözləri eşidirlər: "Baxılacaq, nəzərə alınacaq və bərpa olunacaq".

Ancaq hələ də bu məsələ ilə bağlı konkret addımlar atılmayıb.

Seçilən
0
3
teleqraf.com

4Mənbələr