Bəs hansı daha sərfəlidir və bu üsullarla avtomobil alarkən nələrə diqqət etmək lazımdır? Suallarımızı cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Ajans.az"a deyib ki, əslində, kreditlə avtomobil almaqla lizinqlə avtomobil almaq arasında mühüm fərqlər mövcuddur: ‘’Bu fərqlər həm hüquqi, həm də maliyyə baxımından əhəmiyyətlidir. Kreditlə avtomobil alındıqda, avtomobil birbaşa alıcının adına rəsmiləşdirilir və həmin nəqliyyat vasitəsi onun mülkiyyətinə keçir. Alıcı bankdan və ya kredit təşkilatından borc alaraq avtomobili satın alır və borcu müəyyən müddət ərzində aylıq ödənişlərlə geri qaytarır. Yəni avtomobil rəsmi olaraq vətəndaşın adına keçir və o, hüquqi baxımdan avtomobilin sahibi sayılır. Lakin lizinq sistemində avtomobil vətəndaşın deyil, lizinq şirkətinin mülkiyyətində qalır. Müştəri avtomobildən istifadə etmək üçün şirkətlə müqavilə bağlayır və aylıq ödəniş etməklə avtomobili idarə edir. Lizinq dövrü ərzində avtomobilə görə vətəndaşa sadəcə etibarnamə təqdim olunur. Müqavilənin sonunda, bəzi hallarda, vətəndaş müəyyən şərtlərlə avtomobili satın ala bilər, lakin bu, əvvəlcədən razılaşdırılmış şərtlərə bağlıdır’’.
Ekspert vurğulayıb ki, bu baxımdan, lizinq daha çox hüquqi şəxslərə və şirkətlərə sərf edir: ‘’Çünki bu halda vergi güzəştlərindən və digər maliyyə üstünlüklərindən yararlanmaq mümkündür. Kreditlə avtomobil almaq isə fərdi şəxslər üçün daha münasib hesab olunur. Ona görə ki, avtomobil birbaşa onların adına rəsmiləşdirilir və gələcəkdə onu satmaq yaxud girov qoymaq imkanı yaranır. Hazırda daxili kreditlə avtomobil satışını təklif edən bir neçə yerli avtomobil şirkəti fəaliyyət göstərir. Bu satışlar əsasən kommersiya bankları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Müxtəlif faiz dərəcələri, ödəniş şərtləri təklif olunsa da, hər iki sistemin üstünlükləri, çatışmazlıqları vətəndaşın ehtiyac və maliyyə imkanlarından asılı olaraq dəyişir’’.