Rusiya ilə münasibətləri nizamlamaq üçün yaxşı vəziyyətdəyik, çünki neftin qiyməti düşür.
Bu sözləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp deyib.
Enerji məsələləri üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Referans.az-a açıqlamasında bu fikrə münasibət bildirib.
“Trampın bu cür açıqlama verməsini nə dərəcədə Rusiyanın sülh yoluna çıxması və deyilənləri praktikada reallaşdırmasına inanmıram. Çünki Rusiyanın Ukrayna ilə müharibəyə başlaması və bundan öncə hələ 2014-cü ildə Krımı ilhaq etməsinin neft qiymətlərinə də heç bir təsiri olmadı. Ötən dövrdən, 2014-cü ildən bu yana 11 ildir göstərdi ki, neftin qiyməti aşağı düşsə və ya orta vəziyyətdə olması onun Rusiyanın siyasətinə aidiyyatı yoxdur”.
Ekspert bildirib ki, kollektiv Qərbdə belə bir fikir formalaşıb ki, Rusiyanın gəlirləri azalsa, onlar özlərinin tutduğu xarici siyasət kursunu dəyişməyə meyilli olacaqlar.
“Sovet dönəmində də Kreml öz kursunu hansısa xammalın, hətta strateji olsa belə, onun qiymətilə və gətirdiyi gəlirlərlə hesablamırdı. SSRİ-nin varisi olan Rusiya Federasiyası da belə edir. Qərbə olan bir nömrəli mesaj odur ki, yeni dünya düzənində Rusiyanın maraqları qorunmalıdır. Bu maraqların nədən ibarət olması da vacibdir. Rusiyanın perimetrində ona qarşı ola biləcək, onu düşmən saya biləcək ölkə olmamalıdır. Olsa, Rusiya onu əzib keçəcəyini hər fürsətdə göstərir. Qərb isə bunu rədd edir. Nəticədə etibarı ilə bugün artıq müharibədir. Nə zaman dil tapsalar, nə zaman yeni dünya düzənində Rusiyanın yeri və rolunu kompromis variantda qəbul edəcəklərsə, o zaman da Trampın dediyi sülh sazişi praktikada reallaşacaq. Əks təqdirdə düşünmürəm ki, irəli istiqamətdə atılmış addımları yaxın zamanda görə bilərik”.
Fidan Vəlisoy