Kazinolar təkcə əyləncə məkanı deyil, həm də dünyada milyardlarla dollar dövriyyəyə malik bir turizm infrastrukturunun əsas dayaqlarından biridir. Las Veqas, Makao və Monako kimi dünya şəhərləri yalnız qumar oyunları ilə deyil, həm də həmin fəaliyyət ətrafında inkişaf etmiş lüks otelçilik, xidmət sektoru və əyləncə infrastrukturu ilə seçilir. Azərbaycan da bu tendensiyaya qoşularsa, kazino biznesi ölkənin turizm xəritəsində yeni bir səhifə aça bilər. Qonşu ölkələrin – xüsusilə Gürcüstan və Rusiyanın – təcrübəsi göstərir ki, düzgün tənzimlənmiş kazino infrastrukturu turizm sektoruna güclü təkan verə, dövlət büdcəsinə əhəmiyyətli gəlir gətirə və regionların iqtisadi inkişafına töhfə verə bilər. Azərbaycanın hər il yüzlərlə vətəndaşının əyləncə məqsədilə xarici ölkələrdəki kazinolara üz tutması, yalnız fərdi maraq deyil, eyni zamanda böyük həcmdə maliyyə vəsaitinin xaricə axması deməkdir. Bu isə ölkəmizin daxili potensialından yetərincə istifadə edilmədiyini göstərir. Kazino biznesinin leqallaşdırılması isə cəmiyyətdə birmənalı qarşılanmır. Bəzi vətəndaşlar bu sahənin mənfi sosial təsirlərindən narahat olduqları halda, digər qrup insanlar onun iqtisadi faydalarına – yeni iş yerlərinin yaradılması, turizmin inkişafı, regionlarda xidmət sektorunun genişlənməsi kimi imkanlara diqqət çəkirlər. Əgər bu sahə qanunvericilik çərçivəsində, şəffaf və effektiv nəzarət mexanizmləri ilə idarə olunsa, ölkəyə əlavə valyuta axınına səbəb ola bilər. Belə bir sistem təkcə oyun sektorunun deyil, mehmanxana, ictimai iaşə, logistika və digər sahələrin də inkişafına şərait yarada bilər.
Bu barədə Moderatotr.az-a danışan "Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri, "Azərbaycan Ekoturizm Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Samir Dübəndi bildirib ki, kazino fəaliyyəti bir çox ölkələrdə mühüm iqtisadi sahə kimi qəbul olunur:
“Kazinolarla bağlı məsələyə yalnız bir tərəfdən yanaşmaq düzgün deyil. Bu məsələnin həm sosial, həm iqtisadi, həm də mənəvi tərəfləri ciddi şəkildə təhlil olunmalı və qiymətləndirilməlidir. Kazinoların cəmiyyətə verə biləcəyi ziyan və mümkün xeyirlər obyektiv şəkildə araşdırıldıqdan sonra qərar qəbul edilməlidir”.
Onun fikrincə, bu ölkələrin uzun illər ərzində əldə etdikləri təcrübə, üzləşdikləri çətinliklər və tətbiq etdikləri tənzimləmə mexanizmləri diqqətlə öyrənilməlidir. Eyni zamanda, ölkəmizdə də bu sahənin hüquqi bazası yaradılmalı, idarəetmə mexanizmləri düzgün qurulmalıdır.
S.Dübəndi qeyd edib ki, digər ölkələrdə kazinoların fəaliyyət göstərdiyi yerlərdə otel və qonaqlama sektoru da əhəmiyyətli dərəcədə inkişaf edir:
““Kazino otellər” təkcə oyunlar deyil, həm də yerləşmə, qidalanma və digər xidmətlər vasitəsilə böyük gəlir gətirir. Buna görə də bu sahənin sosial və iqtisadi təsirləri ciddi təhlil edilməli, potensial risklər və üstünlüklər obyektiv qiymətləndirilməlidir. Onların şəhər mərkəzlərindən, məktəb və digər təhsil müəssisələrindən uzaqda yerləşməsi vacibdir. Bu həm sosial baxımdan, həm də ictimai narahatlıqların azaldılması baxımından önəmlidir.
Bundan başqa, kazino sənayesi qeyri-neft sektorunun inkişafına da mühüm töhfə verə bilər. Bu sahə fəaliyyətə başladıqda dövlətə müxtəlif növ vergilər ödənilir: lisenziya haqları, gəlir və əməkhaqqı vergiləri, sosial sığorta ödənişləri və əlavə dəyər vergisi. Həmçinin, bu sahə minlərlə insana yeni iş imkanı yarada bilər – menecerlərdən tutmuş texniki heyətə, təhlükəsizlik işçilərindən xidmət personalına qədər geniş bir məşğulluq bazası formalaşır”.
Mehin Mehmanqızı