"Almaniyada federal kansler kimi xidmət etmək həyatımın ən böyük şərəfi olub və belə də qalacaq..."
2025-ci il mayın 5-də Berlində yerləşən Bendlerblok hərbi kompleksinin həyətində Almaniyanın vəzifədən gedən kansleri Olaf Şoltsla vida mərasimi keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Deutsche Welle" nəşri məlumat yayıb.
Bu, Almaniya ordusunun mülki şəxsə göstərə biləcəyi ən yüksək ehtiram forması sayılan "Böyük axşam mərasimi" çərçivəsində baş tutub. Mərasimdə təxminən 300 əsgər və zabit iştirak edib. Həmçinin tədbirdə Almaniya federal prezidenti Frank-Valter Ştaynmayer və kansler postuna namizəd Fridrix Mers də iştirak edib.
Məlumatda deyilir ki, Olaf Şolts öz çıxışında demokratiyanın və vətəndaş həmrəyliyinin əhəmiyyətini vurğulayıb. O, bildirib ki, Almaniyada hakimiyyətin "sivil, kollegial və ləyaqətli şəkildə" təhvil verilməsi dünyada nadir hallar sırasındadır və bu səbəbdən də xüsusi olaraq qorunmalıdır. Şolts qeyd edib ki, Almaniyada vəzifələr daimi deyil və bu müvəqqəti mandat prinsipi ölkəni avtokratik rejimlərdən fərqləndirir.
Vida çıxışı zamanı Şolts Fridrix Mersə uğurlar, xoşbəxtlik və "yüngül əl" arzulayıb. O, əlavə edib: "Almaniyaya federal kansler kimi xidmət etmək həyatımın ən böyük şərəfi olub və belə də qalacaq".
Təntənəli mərasim çərçivəsində Bundesverin orkestri Şoltsun seçimlərinə əsasən üç musiqi əsərini ifa edib. Bu əsərlər fərqli dövrləri təmsil edən klassik və populyar musiqilərdir: "In My Life" ("The Beatles"), İohann Sebastyan Baxdan bir konsert hissəsi və Areta Franklin-in məşhur "Respect" mahnısı. Mərasim alovlu məşəllərin müşayiəti və dövlət himninin səslənməsi ilə tamamlanıb.
Qeyd edək ki, "Böyük axşam mərasimi"adlı bu hərbi-etiket tədbiri XVI əsrdən bəri Almaniyada tətbiq olunan qədim ənənəyə əsaslanır və yalnız fövqəladə xidmət göstərmiş kanslerlər, prezidentlər və müdafiə nazirlərinin vəzifədən gedişi zamanı həyata keçirilir. Mərasim axşam saatlarında keçirilir, musiqi və məşəl yürüşləri ilə müşayiət olunur.
Fridrix Mers kansler seçkilərində uğursuluqla qarşılaşıb

Bu arada isə növbəti gün, mayın 6-da keçirilən kansler seçkisində Fridrix Mers gözlənilməz uğursuzluqla qarşılaşıb: o, Bundestaqda kansler seçilmək üçün lazım olan 316 səslə müqayisədə cəmi 310 səs toplayıb.
Bu, Almaniya tarixində ilk belə haldır. 307 deputat onun əleyhinə səs verib, 3 nəfər bitərəf qalıb, 1 səs isə etibarsız sayılıb. Yeni səsvermənin mayın 7-si və ya 9-da keçirilməsi planlaşdırılır. Əgər ikinci səsvermədə də Mers tələb olunan səsləri toplaya bilməzsə, üçüncü cəhddə sadə səs çoxluğu kifayət edəcək.
Fridrix Mers hüquqşünasdır, 2022-ci ildən Xristian Demokrat İttifaqının (XDİ) rəhbəridir və 2025-ci il seçkilərində kanslerliyə namizəd olaraq göstərilib.