Bakı, 6 may, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) mexanika mühəndisliyi ixtisası üzrə təhsil alan Kosta-Rika Respublikasından olan Coş Xose Sesiliano Salazar universitetdəki beynəlxalq təhsil mühitindən və ingilis dilində tədris imkanlarından məmnunluğunu ifadə edib.
AZƏRTAC xəbər verir ki, BMU-nu seçmə səbəblərindən danışan əcnəbi tələbə ingilis dilində təhsil almağın və beynəlxalq tələbə mühitində oxumağın onun üçün prioritet olduğunu qeyd edib: “Bu, mənim üçün çox vacib idi, çünki ingilis dilində ünsiyyət bacarıqlarımın inkişafına kömək edir və gələcəkdə beynəlxalq mühitdə işləməyə daha yaxşı hazırlaşmağımı dəstəkləyir”, - deyə o bildirib.
Coş Xose Sesiliano Salazar universitetin müsbət tədris və sosial mühiti barədə də danışıb: “Müəllimlər və inzibati heyət hər zaman bizə kömək etməyə hazırdır. Bu isə yeni mühitə uyğunlaşan bir tələbə üçün əvəzsizdir”, - deyə o vurğulayıb.
BMU-da təhsilin yalnız nəzəri biliklərlə məhdudlaşmadığını, eyni zamanda, müasir laboratoriyalarda praktiki məşğələlərin keçirildiyini bildirən tələbə əlavə edib ki, bu, öyrənmə prosesini daha maraqlı və effektiv edir. O, universiteti mühəndislik sahəsində bilik qazanmaqla yanaşı, şəxsi inkişaf üçün də əhəmiyyətli bir platforma kimi qiymətləndirir.
Fərqli ölkələrdən olan tələbələrlə dostluq etdiyini və onların milli mədəniyyətləri haqqında çox şey öyrəndiyini qeyd edən Salazar, boş vaxtlarında futbol oynamaqdan, film izləməkdən və Bakını kəşf etməkdən zövq aldığını deyib. Azərbaycanın paytaxtını müasirliklə ənənəni birləşdirən gözəl bir şəhər kimi xarakterizə edən tələbə, BMU-da qarşıda onu gözləyən yeni imkanları səbirsizliklə gözlədiyini bildirib.