AZ

Bretton-Qordon: Putin müharibəni nüvə silahı ilə bitirə bilər

BAKI, 6 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin hakimiyyət dövrü ilə bağlı sənədli filmdə Qərbin diqqət etməli olduğu bir neçə narahatedici açıqlama verib.

Teleqraf xəbər verir ki, bu barədə britaniyalı hərbi analitik Hemiş de Bretton-Qordon bildirib.

Ekspert xatırladıb ki, Putin Ukraynanı ələ keçirmək üçün aparılan əməliyyatın plan və məqsədlərinin dəyişməyəcəyini söyləyib. Rusiya lideri həmçinin ümidvar olduğunu bildirib ki, nüvə silahından istifadə etmək lazım olmayacaq.

Bretton-Qordonun fikrincə, Putinin nüvə silahı ilə bağlı əvvəlki bütün təhdidləri Ukraynanın müttəfiqlərini qorxutmaq və onların Kiyevə dəstəyini azaltmaq üçün nəzərdə tutulsa da, indi Ukrayna ilə bağlı vəziyyət dəyişib.

Analitik hesab edir ki, fevralın 28-də ABŞ Prezidenti Donald Tramp və onun ukraynalı həmkarı Volodimir Zelenski Oval kabinetdə mübahisə etdikdən sonra Putin Ukraynanı asanlıqla ələ keçirə biləcəyinə əmin idi. Amma son vaxtlar Trampın Rusiyaya qarşı ritorikası daha sərt xarakter alıb.

Bretton-Qordon əlavə edib ki, Rusiyanın müharibə itkiləri artıq 1 milyon nəfərə yaxınlaşır. Rusiya bunun müqabilində son bir ildə cəbhədə yalnız kiçik irəliləyişlərə nail ola bilib.

Ekspertin sözlərinə görə, Rusiya hərbi texnikasının istehsalı əsasən neft ixracından əldə edilən gəlirlər hesabına maliyyələşdirilir. Putinin hərbi ambisiyalarına daha bir zərbə OPEK-in hasilatı artırması və Səudiyyə Ərəbistanının neftin barel üzrə qiymətinin 50 dollar olmasını istəməsidir. Bretton-Qordonun fikrincə, hazırkı xərclər baxımından bu, tezliklə Rusiya Federasiyasını iflasa aparacaq.

Britaniyalı analitik buna görə də hesab edir ki, Putin taktiki nüvə silahından istifadə etməyə cəsarət edə bilər. O, istisna etmir ki, Rusiya Böyük Britaniya və Fransadan cavab zərbəsi gözləmədiyi üçün bu yolla Ukraynanı tez bir zamanda məğlub etməyə cəhd edə bilər.

Seçilən
0
teleqraf.com

1Mənbələr