06 may 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Göycəli kənd”, “Tatlı kənd”, “Köhnəqışlaq kənd”, “Həsənsu kənd” və “Vurğun qəsəbə” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ulu Öndərin mənalı ömür yolu, Azərbaycan xalqı və dövləti qarşısındakı misilisiz tarixi xidmətlərindən bəhs edən kitab sərgisinə baxılıb.
Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı.
Daha sonra çıxış edən natiqlər – veteran partiyaçı Məmməd Məmmədov, “Göycəli kənd” Ərazi Partiya Təşkilatının sədri Vasif Hüseynov, şəhid atası Aydın Mehtiyev və partiya fəalı Rüfət Axundov geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, Ulu Öndər hakimiyyəti dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən bir diyara çevirmişdi. Ulu öndər Heydər Əliyevin təkcə sovet hakimiyyəti illərindəki fəaliyyəti böyük dövlət idarəçiliyi akademiyasıdır. Ulu Öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görmüşdür. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır.