AZ

Dövlət qulluğuna hazırlaşanların NƏZƏRİNƏ: Uğur qazanmaq üçün bu addımları mütləq atmalısınız

“Son illərdə dövlət qulluğuna qəbul prosesində test mərhələsini uğurla keçən namizədlərin müsahibədə uğursuz olması geniş yayılmış haldır. Dövlət İmtahan Mərkəzinin statistikalarına görə, test mərhələsini keçənlərin cəmi 25–35 faizi müsahibədə müvəffəqiyyət qazanır. Bu göstərici həm sistemin problemlərini, həm də namizədlərin hazırlıqsızlığını ortaya qoyur”.

Bu fikirləri təhsil eksperti Kamran Əsədov KONKRET.az-a açıqlamasında bildirib:

Kamran

“ Əsas səbəblərdən biri namizədlərin kommunikasiya, analitik düşünmə və stresə dözümlülük baxımından zəif olmalarıdır. Test mərhələsi bilik yönümlüdür, lakin müsahibə spontan cavab və situasiyaya uyğun qərarvermə tələb edir. Bir çox namizəd hüquqi biliklərə malik olsa da, real vəziyyətdə vətəndaşla ünsiyyət bacarığını nümayiş etdirə bilmir.

Namizədlərin müsahibəyə metodoloji hazırlığının olmaması da ciddi problemdir. Hazırda strukturlaşdırılmış təlim materialları, simulyasiya məşqləri və praktik yönümlü resurslar demək olar ki, yoxdur. Nəticədə namizədlər müsahibə zamanı özlərini ifadə etməkdə çətinlik çəkirlər. Bəzi hallarda isə komissiyanın subyektivliyi və qiymətləndirmə meyarlarının qeyri-müəyyənliyi də nəticəyə mənfi təsir edir”.

Ekspert qeyd edir ki, sosial-psixoloji faktorlar, xüsusilə bölgələrdən gələn namizədlərin gərginlik və özünə inamsızlıq problemi, uğursuzluq ehtimalını artırır. Statistikaya görə, Bakı şəhərində yaşayanların müsahibə uğuru regionlarla müqayisədə 17–20 faiz yüksəkdir.

“Daha bir problem müsahibə suallarının qeyri-nisbətli və vəzifənin səviyyəsinə uyğun olmamasıdır. Sadə vəzifəyə müraciət edən şəxsdən yüksək səviyyəli idarəetmə və beynəlxalq təcrübə tələb olunması məsələni daha da çətinləşdirir.

Dünya təcrübəsi göstərir ki, müsahibələr daha praktiki üsullarla, simulyasiya, “case study”, yazılı təqdimat və qrup işləri ilə həyata keçirilir. Bu model Azərbaycanda da tətbiq edilməlidir.

Nəticə olaraq, dövlət qulluğuna qəbul sistemində şəffaf və obyektiv müsahibə mərhələsinin qurulması, namizədlər üçün təlim resurslarının əlçatan edilməsi və komissiyaların peşəkarlaşdırılması zəruridir. Bu, yalnız bilik deyil, həm də real bacarıqları olan şəxslərin seçilməsinə imkan yaradacaq və dövlət idarəçiliyinin keyfiyyətini artıracaq”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr