AZ

Antalya 2025-ci ilin D-8 Turizm Şəhəri olub

BAKI, TurkicWorld

Antalya D-8-in ilk “İlin Turizm Şəhəri” olub.

TurkicWorld xəbər verir ki, Türkiyənin turizm paytaxtı Antalya, 2025-ci il üçün D-8 ölkələrinin ilk “İlin Turizm Şəhəri” seçilərək bu sahədə tarixi bir uğura imza atıb.

Qahirədə keçirilən D-8 Turizm Nazirləri Toplantısında bu qərarın rəsmi elanından sonra Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy bu statusun Antalyanın müasir turizm infrastrukturu və zəngin mədəni irsinə verilən yüksək qiymətin göstəricisi olduğunu bildirib.

Antalyaya bu xüsusi mükafat Misirin Turizm və Antik Əsərlər Naziri tərəfindən təqdim olunub. Nazir Ersoy çıxışında bütün D-8 üzv ölkələrinə təşəkkür edərək, Antalyanın təkcə təbiət gözəllikləri ilə deyil, həm də qədim abidələri və dünya səviyyəli turizm imkanları ilə bu ada layiq görüldüyünü bildirib.

Antalya 2024-cü ildə 17 milyondan çox turisti qəbul etməklə Türk Rivierası kimi tanınan Aralıq dənizi sahilində aparıcı turizm mərkəzi statusunu möhkəmləndirib. Nazir Ersoyun sözlərinə görə, şəhər 2025-ci ildə D-8 ölkələrinin turizm ruhunu ən yaxşı şəkildə əks etdirəcək və bu status çərçivəsində müxtəlif mədəni və tanıtım tədbirləri keçiriləcək.

D-8-in bu təşəbbüsü hər il bir üzv ölkənin şəhərini "İlin Turizm Şəhəri" elan etməklə turizm potensialını ön plana çıxarmağı və üzv ölkələr arasında mədəni əlaqələri gücləndirməyi hədəfləyir. Türkiyə də bu fürsətdən istifadə edərək D-8 ölkələri ilə əməkdaşlıq və mədəni dialoqu genişləndirməyə çalışacaq.

Qeyd edək ki, D-8 (İnkişaf Yolunda Olan Səkkizlər) 1997-ci ildə yaradılmış və əsasən iqtisadi və inkişaf yönümlü əməkdaşlığı gücləndirməyə hədəflənən beynəlxalq platformadır. Bu mükafat isə təşkilat daxilində turizm sahəsində ilk təşəbbüs olaraq qəbul edilir.

Seçilən
0
turkic.world

1Mənbələr