Qax, 6 may, Mustafa Dadaşov, AZƏRTAC
Barama mövsümünün başlanması ilə əlaqədar bu il respublikanın 40 rayonunun kümçülərinə 6 min qutu ipəkqurdu toxumunun paylanması nəzərdə tutulur. Cari mövsümdə respublika üzrə 240 ton yaş barama istehsalı proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qax Damazlıq İpəkçilik Stansiyasında kümçülərə ipəkqurdu toxumunun paylanması prosesində iştirak edən “Azəripək” ASC-nin nümayəndəsi Teymur Musayev məlumat verib.
Qurumun rəsmisi bildirib ki, baramanın tədarükü və ilkin emalı ilə əlaqədar müəssisə tərəfindən bütün hazırlıq işləri görülüb. Kümçülərdən barama tədarükünə iyunun əvvəlində başlanması nəzərdə tutulur. Onun sözlərinə görə, ötən il olduğu kimi, builki mövsümdə də istehsal olunan yaş barama ASC tərəfindən kümçülərdən 5 manata təhvil alınacaq, dövlət isə hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.