AZ

Tbilisidə siyasətçinin məhkəməsi: Ohanesyan Babayevin əleyhinə ifadə verdi

TBİLİSİ, 6 may. TELEQRAF

Tbilisi Şəhər Məhkəməsində “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvilinin işi üzrə növbəti proses keçirilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, prosesdə şahid ifadələri dinlənilib.

Şahid Arkadi Ohanesyan iş üzrə zərərçəkmiş Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, hakim “Gürcü Arzusu” partiyasının üzvü Əli Babayevin əleyhinə ifadələr verib.

O, insident baş verən zaman aptekin şüşələrini yuduğunu bildirib. Şahid qeyd edib ki, Ə.Babayev onun istifadə etdiyi 8 metrlik çubuğu alaraq A.Elisaşvili tərəfə qaçıb, lakin zərbə endirə bilməyib. A.Ohanesyan deyib ki, qulaqcıq taxdığı üçün qarşıdurmanın necə başladığını görməyib və eşitməyib.

İş üzrə prokuror Zviad Qubeladze öz növbəsində bildirib ki, videoyazıda A.Elisaşvilinin Ə.Babayevi döydüyü əks olunub. O, növbəti prosesdə ittiham tərəfinin A.Elisaşvilinin günahını təsdiqləyən sübutların təqdim olunacağını deyib.

Növbəti məhkəmə iclası iyulun 12-nə təyin olunub.

Xatırladaq ki, A.Elisaşvili ötən il dekabrın 2-də Tbilisidə Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, hakim “Gürcü Arzusu” partiyasının üzvü Əli Babayevə qarşı zorakılıq əməli törədib. Dekabrın 5-də həbs edilən müxalifətçiyə qarşı Baş Prokurorluq siyasi təqib ittihamı irəli sürmüşdü. Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmişdi. Müxalifətçi dekabrın 14-də məhkəmənin qərarı ilə 4 min lari (2 479 AZN) girov müqabilində azadlığıa buraxılıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr