AZ

Azərbaycan icması Papa seçkilərində kimi DƏSTƏKLƏYİR...

Sabah - mayın 7-də Vatikanın qəlbi hesab edilən Sikstin Kapellasında növbəti Roma Papasının kim olacağına qərar veriləcək konklav başlayır.

Müqəddəs Taxt-Tacın rəhbərsiz qaldığı bu günlərdə bütün dünyanın gözü yenidən Roma Katolik Kilsəsinə yönəlib. Yeni Papa seçimi ilə bağlı ehtimallar, favoritlər və ideoloji qarşıdurmalar beynəlxalq medianın əsas mövzularından biridir.

Qeyd edək ki, sonuncu Roma Papası Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. O, aprelin 26-da Santa Maria Maggiore bazilikasında dəfn edilib.

Vatikanın hazırkı dövlət katibi, 70 yaşlı Pyetro (Pyotr) Parolin, Bolonya arxiyepiskopu, İtaliya yepiskopluğunun prezidenti və Vatikanın Ukraynadakı münaqişənin həlli üzrə nümayəndəsi 69 yaşlı Kardinal Matteo Zuppi, Qüds Latın Patriarxı, İtaliya əsilli ilk İsrail kardinalı 60 yaşlı Pierbattista Pizzaballa, “katolik Asiyanın siması” adlandırılan 67 yaşlı filippinli kardinal Luis Taqle Frensisin adı namizədlər arasındadır. Ən çox ehtimal olunan namizəd Vatikanın hazırkı dövlət katibi Parolindir.

"Bloomberg" nəşri yazır ki, Papalıq qlobal institut olsa da, onun kökləri hələ də İtaliya ilə sıx bağlıdır. Seçicilər – 133 kardinal – arasında yalnız beşi italiyalıdır, amma “harada doğulmasından asılı olmayaraq, yeni Papa italyan olmalı, ən azı italyan kimi hərəkət etməlidir” fikri geniş yayılıb. Bu isə, həm simvolik, həm də siyasi mesajlar daşıyır.

"The New York Times" qəzeti isə diqqəti ABŞ-dakı mühafizəkar katoliklərə yönəldir. Qəzet yazır ki, Papa Fransiskin nisbətən liberal dəyərləri bir çox mühafizəkarları narahat edib və onlar indi Vatikan daxilində və xaricində təsir imkanlarını gücləndirməyə çalışırlar. Onların məqsədi – kilsənin gələcəyinə yön verəcək siyasəti indidən formalaşdırmaqdır.

Budəfəki konklav kütləvi maraq obyektinə çevrilib. "Sky News" bildirir ki, İtaliyada minlərlə insan “Fantapapa” adlı onlayn oyunda iştirak edir. Oyunun formatı fentezi-futbola bənzəyir: iştirakçılar öz “pontifik komandasını” quraraq, seçimi əvvəlcədən proqnozlaşdırmağa çalışırlar.

Sabah keçiriləcək seçkilərdə Azərbaycanın katolik icmasının mövqei də maraqlıdır.

Modern.az-a açıqlamasında Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev ki, Azərbaycanda kardinal olmadığına görə Papa seçkisində ölkəmizdən iştirak edən olmayacaq:

“Papa kardinallar tərəfindən seçilir. Mayın 7-də seçkidə iştirak etmək hüququna sahib olan kardinallar Papa seçkisi üçün Sikstin kapellasına yığışacaq. Azərbaycanda kardinal yoxdur deyə, bizdən heç kəs orada iştirak etməyəcək”.

Azərbaycan katoliklərin hansı namizədi dəstəkləməsi ilə bağlı sualımıza isə T.Ağayev belə cavab verib: “Biz dua edirik ki, Papa Allahın iradəsinə görə seçilsin. Seçilən papa Allahın iradəsinə uyğun olan namizəd olsun”.

Qeyd edək ki, kardinal görüşləri gizli keçirilsə də, Roma küçələri adət olduğu kimi turistlərlə doludur. Müqəddəs Pyotr Meydanında hələlik sakitlik hökm sürür, amma inananların və ziyarətçilərin axını 7 maydan etibarən gözlənilir...

Seçilən
0
modern.az

1Mənbələr