AZ

Polina Rəhimova: “Hisslərim qarışıqdır, həm sevinc var, həm də bir az kədər” - MÜSAHİBƏ

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın İdman.biz-ə müsahibəsi

- “Osasko” ilə Braziliya çempionu oldunuz. Qələbənizi necə şərh edərdiz?

- Hisslərim qarışıqdır. Həm sevinc var, həm də bir az kədər. Çünki bu kluba gələndə əsas heyətdə oynamalı idim. Buna uyğun da məşq edirdik. Lakin çempionat başlayanda artıq məşqçi yerli oyunçunu əsas heyətə saldı. Mən də müəyyən oyunlarda və ya əvəzetmə ilə meydana çıxmalı oldum. Bununla belə, meydanda olduğum müddətdə çalışdım ki, ən yüksək səviyyədə oynayım, bunu da bacardım. Az oynasam da, statistik göstəricilərim ən yaxşılardandır. Yaxşı çıxış etdiyim üçün çox şadam.

- Ümumilikdə mövsümü necə dəyərləndirirsiniz?

- Mövsümün əvvəlində biz Paulista çempionatının qalibi olduq. Bu, bir region üzrə keçirilən yarışdır. Sonra Braziliya kubokunda oynadıq. Burada səkkiz ən güclü komanda mübarizə aparırdı. Biz kubokda da qalib gələrək çempion olduq. Həmçinin mövsüm boyu Braziliya çempionatında oyunlarımız davam edirdi. Yarımfinalda çox güclü "Minas"la qarşılaşdıq. Bu komandada məşhur oyunçular var, həmçinin baş məşqçisi Nikola Neqro ilə bir neçə il əvvəl Azərbaycanda birgə çalışmışıq. Onlar bir neçə il ardıcıl çempion olub. Yarımfinalda ilk oyunda uduzsaq da, cavab matçında 3:2 hesabı ilə qalib gəldik. Son qarşılaşma isə rəqib meydanında keçirilirdi, favorit rəqib idi. Lakin biz 3:0 hesabı ilə qələbə qazandıq və finala çıxdıq. Həlledici mərhələdə də yaxşı oynayaraq qalib gəldik və Braziliya çempionatının qızıl medalına sahib çıxdıq.

- Braziliya və Azərbaycan liqalarını müqayisə etsək, nə kimi fərqləri qeyd edə bilərsiniz?

- İki liqa arasında elə də böyük fərq yoxdur. Kubok görüşlərini voleybolda tətbiq olunacaq yeni qaydalarla oynadıq. Bu, maraqlı idi.

- Dediyinizə əsasan belə qənaətə gəlmək olar ki, “Osasko”nı tərk edəcəksiz. Yoxsa müqaviləni artırmağı düşünürsüz?

- Oyunlar yeni bitib, indi bir qədər istirahət edəcəyəm. Növbəti mövsümdə isə Yunanıstanda “Panionis”də çıxış edəcəyəm.

- Xaricdə qazandığınız təcrübə Azərbaycan millisi ilə çıxışınıza necə təsir edəcək?

- Biz bu böyük nəticələrimizlə Azərbaycan voleybolunu yüksəklərə qaldırırıq. Çox şadam ki, mən də Azərbaycan voleybolunun inkişafına, tanınmasına kömək edə bildim. Komanda ilə qazandığımız bu nəticələrlə bayrağımızı daha da qürurla yüksəldə biləcəyəm. Bu, çox vacibdir. Çünki düşünürəm ki, biz nə ediriksə voleybolumuzun inkişafı üçündür. Sonda məni çempionluq münasibətilə təbrik edən, dəstəkləyən hər kəsə təşəkkür edirəm. Çoxlu təbrik mesajları alıram. Bütün azarkeşlərə minnətdaram.

Aytac Sahəd
İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr