“Mingəçevir” Azərbaycan I Liqasında 24 turdan sonra 28 xalla 5-ci sıradadır. Mövsümün əvvəlində autsayderlər arasında olan bölgə təmsilçisi qış fasiləsindən sonra yüksəlişdədir.
ASTA (Azerbaijan Sport Talents Academy) ilə sponsorluq müqaviləsindən sonra nəticələri yaxşılaşan “Mingəçevir” son turlardakı çıxışı ilə diqqət çəkir. Komandanın kapitanı Vüqar Həsənov “Futbolpress.az“a açıqlamasında nəticələri şərh etdi:
“Yüksəlişdə olmağımız bizi sevindirir. Bu yerə çatmaq üçün çox əziyyət çəkmişik. Hədəfimiz sonuncu pillədən uzaqlaşmaqdır. Çalışacağıq ki, daha yüksək pillələrdə olaq”.
Həsənov sponsorun gəlməsi ilə komandada maddi və mənəvi vəziyyətin yaxşılaşdığını qeyd etdi. O, mövsümə pis başlamasaydılar, indi elita üçün mübarizə apara biləcəklərini əlavə etdi:
“Hər birimiz elitaya vəsiqə istəyirik. Lakin daha əvvəl autsayderlər arasında olmağımız buna imkan vermədi. Buna baxmayaraq, çox üzülmürük. Çünki hədəfimiz son sıralardan qurtulmaq, daha yuxarı pillələrdə olmaqdır və bunun üçün çalışırıq. Hər komandaya qarşı mübarizə aparacaq gücdəyik. Bunu sübut etmək istəyirik”.
Kapitan daha öncə “Səbail”, “Neftçi”, “Qəbələ” kimi klublarda forma geyinib. O, yenidən Premyer Liqada oynayacağına ümidlidir:
“Özümü yaxşı formada hiss edirəm. İnanıram ki, yenidən şans yaransa, bunu dəyərləndirərəm”.
Şahin Cəfərov