BAKI, 6 may. TELEQRAF
Mühafizəkarlar blokunun lideri Fridrix Mertsin Almaniya kansleri seçilmək üçün Bundestaqda səsvermədə uğursuzluğu onun koalisiyasının zəifliyini göstərir.
Teleqraf xəbər verir ki, bunu “Almaniya üçün Alternativ” Partiyasının (AfD) həmsədri Elis Vaydel deyib.
“Merts səsvermənin ilk turunda uğursuzluğa düçar olan ilk federal kanslerliyə namizədidir. Bu, vətəndaşların dəstəyini itirmiş İttifaq və SPD-nin (Xristian Demokrat Partiyası, Xristian Sosial İttifaqı və Sosial Demokrat Partiyası – red.) kiçik koalisiyasının nə qədər zəif təməl üzərində qurulduğunu göstərir”, - siyasətçi bildirib.
Xatırladaq ki, Mertsin Almaniya kansleri seçilməsi üçün Bundestaqda səsvermənin birinci turu keçirilib. 310 deputat lehinə səs verib. Seçilmək üçün 630 deputatdan 316-nın səsi lazım idi. Ölkənin əsas qanununa görə, namizəd birinci turda mütləq səs çoxluğu (50+1) əldə etmədikdə, iki həftə ərzində ikinci tur keçirilir.