AZ

“Bum-Bum” animasiya filminin istehsalına başlanılır

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə böyük qrant müsabiqəsinin qalibi olan Azərbaycan Animasiya Assosiasiyası “Bum-Bum” adlı animasiya filminin istehsalına başlayır.

“Qafqazinfo” xəbər verir ki, qısametrajlı film Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun uşaqlar üçün eyniadlı “Bum-Bum” poemasının motivləri əsasında çəkiləcək. 

Azərbaycan Animasiya Assosiasiyasının İdarə Heyətinin sədri Rəşid Ağamalıyev bildirib ki, uşaqların milli animasiya filmlərinə böyük ehtiyacı var, bu sahədə yeni ekran əsərləri olduqca azdır:

“Biz 3 illik fəaliyyətimiz dövründə ilk dəfə idi ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihə ilə müraciət edirdik. “Yeni animasiya məhsulunun hazırlanması və ustad dərsləri” adlı layihəmiz mərhələləri uğurla keçdi. Tanınmış rejissor və rəssam, animator, “Əməkdar mədəniyyət işçisi” Elçin Hami Axundov və digər ustadlardan ibarət peşəkar bir komandamız formalaşıb. Vaqif Səmədoğlunun “Bum-Bum” poeması bizi çox təsirləndirdi.

Əsər meşədə naməlum səsin heyvanlarda yaratdığı qorxu nəticəsində meydana gələn mənzərənin təsviri üzərində qurulub. İstəyirik ki, bu animasiya filmi uşaqlarda məlumatın dəqiqləşdirilməməsinin yol açdığı fəsadları görməyə imkan versin. Çox maraqlıdır ki, əsərdə naməlum səs xəbərindən təşvişə düşən heyvanlar bir-birinə baxıb kütlə halında o dərəcədə yüksək sürətlə qaçırlar ki, hətta yolda bəziləri sıldırım qayalara dəyib möhkəm əzilir, ölür, ancaq kütlə yenə də dayanmır.

Burada naməlum qorxunun fəlsəfəsi uşaqlara anlaşıqlı bir dildə açılır, yırtıcı və onların şikarı olan heyvanların necə yanaşı olduqlarını, heyvanların davranışlarını uşaqlar müşahidə edə bilir. Sonda müdriklik qalib gəlir. Belə bir gözəl əsərdir. Açıq deməliyəm ki, bu motivlər əsasında “Bum-bum” animasiya filmi iddialı layihədir. Var gücümüzlə çalışacağıq öhdəsindən uğurla gələk. Son sözü tamaşaçılar deyəcək”.

R.Ağamalıyev onu da qeyd edib ki, layihə çərçivəsində azad edilmiş ərazilərdə uşaqlar üçün animasiyaya dair ustad dərsləri də təşkil olunacaq. 

Yeni milli animasiya filmi üzərində işin 2025-ci ilin sonunda yekunlaşdırılması planlaşdırılır.

Seçilən
0
2
qafqazinfo.az

3Mənbələr