Qarabağ necə ki, Azərbaycanın ayrılmaz tərkib hissəsidirsə, mətbuat da mənim həyatımın ayrılmaz parçasıdır. Mətbuat mənim üçün sadəcə informasiya vasitəsi deyil, nəfəs aldığım mühit, yaşamaq tərzim, varlığımı ifadə etdiyim bir yoldur.
Mənim üçün bir xəbər başlığı bir qapıdır – arxasında insan hekayələri, cəmiyyətin nəbzi və həyatın gerçək siması durur. Yazdığım hər sətirdə ruhumun bir parçası var. Oxucuya çatdırdığım hər məlumatda vicdanımın, məsuliyyətimin izini daşıyıram. Çünki jurnalistika mənim üçün təkcə peşə deyil, həm də bir missiyadır – haqqı demək, susana səs olmaq, görünməyəni göstərmək.
Mətbuatla ilk tanışlığım, məktəb illərində qəzetlərdə çap olunan (Tumurcuq qəzeti) yazılara maraqla baxmağımla başladı. Zaman keçdikcə bu maraq böyük bir sevgiyə, bu sevgi isə həyat yoluma çevrildi. Universitetdə jurnalistikanın elmi əsaslarını öyrəndikcə, müəllimlərimin söylədiyi fikirlərlə böyüdükcə, başa düşdüm ki, bu sahə həm zəhmət, həm də vicdan tələb edir.
Necə ki, Qarabağ uğrunda canını fəda edən əsgərlərimiz torpaq sevgisi ilə böyüyüblər, mən də qələmimin gücünə inanan, informasiya ilə cəmiyyətə yol göstərmək istəyən biri kimi mətbuatın əsgəriyəm.
Bəzən gecənin bir aləmində bir xəbər üçün oyaq qalmaq, bəzən küçənin tozunda, xalqın arasında olmağın özü də mənim fikrimcə bir məktəbdir. Mən bu məktəbin şagirdiyəm. Mətbuat mənim üçün ömürlük məktəbdir – daim öyrəndiyim, dəyişdiyim, böyüdüyüm bir məktəb.
Hər yazdığım xəbərdə Qarabağın azad nəfəsini hiss edirəm, hər sətirdə şəhidlərin ruhuna hörmətlə yanaşıram. Çünki mətbuat da azadlıq deməkdir, söz azadlığı, fikir azadlığı.
Qarabağ torpaq anlamında bir dəyərdirsə, mətbuat mənim üçün düşüncə azadlığının, sözün və həqiqətin müqəddəs torpağıdır. Mən bu torpaqda kök salan, orada yaşayıb-yaradan bir fərdəm. Bu yol yalnız bir seçim deyil, həm də bir ruh halıdır – kimliyim, varlığım və yaşamaq tərzimdir.
Bu peşəyə bağlanmağım təsadüfi deyil. Bu, tarixi yaddaşla, mənəvi borcla və milli kimliklə bağlıdır. Necə ki, Əhməd bəy Ağaoğlu “difai” qələmi ilə xalqının mədəni dirçəlişini əsas hədəf seçmişdi, mən də bu gün müasir dövrün informasiya savaşında özümə bir mövqe seçmişəm. O, “Həyat” və “İrşad” qəzetlərində yazdığı məqalələrlə milli şüurun oyanmasında önəmli rol oynamışdı. Əhməd bəyin mətbuatdakı fəaliyyəti bir maarifçi mübarizəsi idi. O, jurnalistikanı yalnız xəbər vasitəsi deyil, milləti ayağa qaldırmaq üçün bir alət kimi görürdü. Mən də bu baxışı öz yolumda daşıyıram – yazmaq, xəbər yaymaq, analiz aparmaqla cəmiyyətin düşüncəsinə işıq salmaq istəyirəm.
Əli bəy Hüseynzadə – “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” düsturunu irəli sürən bir fikir nəhəngi. Onun redaktoru olduğu “Füyuzat” jurnalı yalnız bir nəşr deyil, bir milli ideologiya məktəbi idi. Əli bəy jurnalistikanı milli kimliyin qoruyucusu kimi görürdü. Onun misilsiz xidmətləri ilə formalaşan Füyuzatçılıq məktəbi bu gün də jurnalistikada yolumuzu işıqlandırır. Mənim üçün bu gün jurnalistikaya könül vermək o deməkdir ki, Əli bəyin ideallarına sədaqət göstərim, sözə, qələmin gücünə inanım.
Digər bir böyük şəxsiyyət – Məhəmməd Ağa Şahtaxtlı. Onun “Əkinçi” qəzetinin davamçısı olaraq gördüyüm mətbuat fəaliyyətimdə milli şüura xidmət etmək əsas amalım olub. Şahtaxtlı yazırdı ki, “xalq yalnız maariflənərək azad ola bilər.” Mənim üçün də yazdığım hər sətir, xalqın düşüncəsini oyatmağa, doğruya yönəltməyə bir çağırışdır. Onun mətbu fəaliyyəti bizə göstərdi ki, mətbuat təkcə informasiyanın daşıyıcısı deyil, eyni zamanda ideyaların beşiyidir.
Məhəmmədəmin Rəsulzadə - “Bir kərə yüksələn bayraq bir daha enməz!” ifadəsinin sahibi. O, milli istiqlal mübarizəsinin ideoloqu olmaqla yanaşı, mətbuatda da xalqın maariflənməsinə, öz kimliyini tanımasına xidmət etmişdi. O, “Azərbaycan” qəzetinin səhifələrindən millətə səslənir, istiqlal düşüncəsini aşılayırdı. Onun yazıları milli birlik, dövlətçilik və azadlıq ideyalarının təbliği baxımından misilsizdir. Rəsulzadə üçün mətbuat azadlığın nəfəsi, xalqın səsi idi.
Mirzəbala Məmmədzadə - mühacirət mətbuatı dedikdə ilk ağıla gələn şəxs. Azərbaycanın ideoloji aydınlarından biri kimi mətbuat sahəsində silinməz iz buraxmışdır. O, sürgündə olsa belə, mətbuat vasitəsilə xalqının haqq səsini dünyaya çatdırmağa davam etmişdi. Mirzəbala Məmmədzadə üçün jurnalistika təkcə yazmaq deyil, həm də milli şüurun qorunması, gələcək nəsillərə milli ideyaların ötürülməsi üçün bir vasitə idi.
Bu gün biz başqa dövrdə yaşayırıq. Rəqəmsal informasiya sürətlə yayılır, süni intellekt və sosial media yeni reallıqlar yaradır. Amma bu dəyişikliklər mətbuatın mahiyyətini dəyişmir. O hələ də həqiqətin, ədalətin və vicdanın səsi olmalıdır.
Bu sahədə atdığım hər addım mənə bu böyük isimlərin varisi olduğumu xatırladır. Mənim yolum onlardan başlayır, onlarla boy atır. Mən də Əhməd bəy kimi milli oyanışın carçısı olmaq, Əli bəy kimi fikir azadlığının qoruyucusu olmaq, Məhəmməd Ağa kimi maarifin, sözün xidmətçisi olmaq, M.Ə Rəsulzadə kimi milli istiqlal mübarizəsinin ideoloqu olmaq, M. Məmmədzadə kimi hər bir çətinlikdə xalqın haqq səsini düşünən bir şəxs olmaq istəyirəm.
Nigar Əlizadə,
Bakı Slavyan Universitetinin Jurnalistika ixtisanın ikinci kurs tələbəsi