Ermənistan vətəndaşlarının təxminən 86 %-i hesab edir ki, Azərbaycanla sülh sazişi imzalanmazdan əvvəl onun layihəsi ilə tanış olmalıdırlar.
Xezerxeber.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu “Gallup International Association”ın Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri əks etdirir.
Respondentlərə belə bir sual verilib: "Vətəndaşlar Azərbaycanla sülh sazişi layihəsi imzalanmazdan əvvəl onun bəndləri ilə tanış olmalı və razılıq bildirməlidirlərmi?"
Nümayəndəliyin rəhbəri Aram Navasardyan bildirib ki, 73 % "birmənalı şəkildə bəli", daha 13,1 % isə "yəqin ki, bəli" cavabını verib. Beləliklə, sorğuda iştirak edənlərin təxminən 86 %-i sənədlə əvvəlcədən tanış olmağın tərəfdarı olub. 5,3 % ("yəqin ki, xeyr") və 6,5 % ("qəti şəkildə xeyr") bu ideyanın əleyhinə olub. Sorğu iştirakçılarının 2,1 %-i cavab verməkdə çətinlik çəkib.
Sorğu 29 aprel - 2 may tarixlərində 1101 respondent arasında keçirilib.