AZ

ADNSU-da tələbələrin təşəbbüsü ilə “Cyber Club” açılıb

Mayın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələrin təşəbbüsü ilə yaradılmış “Cyber Club”un açılış mərasimi keçirilib. 

Bu barədə TƏHSİL.BİZ -ə ADNSU-dan məlumat verilib.

Bildirilib ki, tədbirdə ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova çıxış edərək klubun yaradılmasının əhəmiyyətindən bəhs edib və tələbələrin bu təşəbbüsünü yüksək qiymətləndirib. O, kibertəhlükəsizliyin müasir dövrdə artan önəmini, bu sahədə mövcud riskləri və onlara qarşı effektiv müdafiə üsullarını qeyd edərək tələbələrə faydalı tövsiyələr verib.

Klubun prezidenti çıxışında klubun məqsədləri, tələbələr üçün yaradacağı imkanlar və gələcək hədəflər barədə iştirakçılara ətraflı məlumat verib.

Tədbirin qonaqları sırasında yer alan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov da çıxış edərək şəxsi təcrübəsini və kibertəhlükəsizlik sahəsindəki təşəbbüslərini iştirakçılarla bölüşüb, universitetdə belə bir klubun yaradılmasını yüksək qiymətləndirib. Daha sonra sahənin peşəkar mütəxəssisləri öz bilik və tövsiyələrini tələbələrlə bölüşərək onları yalnız nəzəri deyil, həm də praktiki baxımdan kibertəhlükəsizlik sahəsində fəal olmağa təşviq ediblər.

Tədbirin sonunda tələbələr arasında interaktiv “quiz” yarışı təşkil olunub. Maraqlı və rəqabətli şəraitdə keçən yarışmanın qalibi müəyyənləşdirilərək mükafatlandırılıb.

ADNSU “Cyber Club” kibertəhlükəsizlik sahəsinə maraq göstərən gəncləri bir araya gətirərək onların bilik və bacarıqlarının inkişafına dəstək göstərməyi hədəfləyir. Klub bu sahədə yeni imkanların yaradılmasına və gələcəyin mütəxəssislərinin formalaşmasına töhfə verəcək bir təşəbbüs kimi qiymətləndirilir.

 

 

 

 

 

 

Seçilən
0
tehsil.biz

1Mənbələr