"Ulu öndər Heydər Əliyev SSRİ çərçivəsində mövcud olan planlı iqtisadiyyat sistemində Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etmişdir. Dahi şəxsiyyət mürəkkəb və bəzən ziddiyyətli şəraitdə belə respublikanın sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə mövcud imkanlardan məharətlə istifadə etmiş, mərkəzi hakimiyyət dairələri ilə effektiv işgüzar münasibətlər quraraq bu əlaqələri Azərbaycanın mənafeyi istiqamətində yönəltmişdir". "Olalar" xəbər verir ki, bunu YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva deyib: "Heydər Əliyevin siyasi uzaqgörənliyi və yüksək idarəçilik bacarığı nəticəsində ölkəmizin mövqeyi ittifaq səviyyəsində nəzərə çarpacaq dərəcədə möhkəmlənmişdir. Onun uğurlu fəaliyyəti sayəsində respublikanın iqtisadi təşəbbüslərinə daha geniş dəstək göstərilmiş, təhsil, elm və sənaye sahələrində strateji əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsi mümkün olmuşdur.Ulu Öndərin təşəbbüsü ilə minlərlə gənc yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmək məqsədilə Sovet İttifaqının qabaqcıl ali məktəblərinə təhsil almağa göndərilmişdir. Bu addım həm iqtisadi inkişaf, həm də elmi-texniki tərəqqinin təmin edilməsində önəmli rol oynamışdır. Gənclərin müasir təhsil müəssisələrində ixtisaslaşması ölkənin kadr potensialını gücləndirməyi hədəfləmiş və bu siyasət gələcəkdə Azərbaycanın müstəqillik yolunda mühüm əhəmiyyət daşıyan amil olmuşdur. Həmçinin, müxtəlif sahələrdə aparılan tədqiqatlar və elmi işlər təkmilləşdirilmiş, ölkənin intellektual bazasının inkişafı üçün müasir tələblərə cavab verən laboratoriyalar və tədqiqat mərkəzləri yaradılmışdır. Bundan əlavə, Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinə, xüsusən də milli kino, musiqi və ədəbiyyatın inkişafına xüsusi diqqət yetirilmişdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31