Bakı, 6 may, AZƏRTAC
Artıq uzun illərdir ki, 30-cu Yubiley "InterFood Azerbaijan" sərgisi çərçivəsində ənənəvi “Qızıl Şah-2025” Beynəlxalq Kulinariya Çempionatı da keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiyasiyasının icraçı direktoru Fərhad Aşurbəyli 18-ci Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransında deyib.
“Sayca 5-ci olan bu çempionatın təşkilatçısı Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasıdır. “Qızıl Şah” çempionatı Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi (“Worldchefs”) tərəfindən lisenziyalaşdırılıb və beynəlxalq norma və qaydalara uyğun şəkildə keçirilir. 2024-cü ildən etibarən “Qızıl Şah” çempionatı beynəlxalq komandaları qəbul etmək hüququ qazanıb və “Worldchefs”in Kontinental Çempionatı statusunu əldə edib”, - deyə Fərhad Aşurbəyli əlavə edib.
Fərhad Aşurbəyli bildirib ki, çempionatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Malayziya, Rusiya, Sinqapur, Türkiyə və Özbəkistanı təmsil edən 8 beynəlxalq komandanın iştirakı nəzərdə tutulur: “Eyni zamanda, 30-dan çox yerli komanda yarışacaq və 300-dən çox aşpaz fərdi iştirakçı kimi 10-dan artıq kateqoriya üzrə mübarizə aparacaq. Çempionatın münsiflər heyəti 16 ölkədən olan “Worldchefs” tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlardan ibarət olacaq. Uzunmüddətli əməkdaşlığın gücləndirilməsi məqsədilə cari ilin aprel ayında “Caspian Event Organisers” şirkəti ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sənədə əsasən “InterFood Azerbaijan” sərgisi ilə “Qızıl Şah” Milli Kulinariya Çempionatı arasında əməkdaşlıq 3 il müddətinə uzadılıb. Eyni zamanda, xeyriyyə fəaliyyəti sahəsində də razılaşma əldə olunub. Bu razılaşmaya əsasən “Caspian Event Organisers” şirkətinin təşəbbüsü ilə “Damla” xeyriyyə cəmiyyətindən kulinariya sahəsinə maraq göstərən 2 istedadlı gənc Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkil etdiyi kurslara qatılacaq. Onlar 6 ay ərzində Bakı şəhərində fəaliyyət göstərən tanınmış aşpazlardan kulinariya sənətinin sirlərini öyrənəcək, təcrübə toplayacaq və təlimin sonunda müvafiq sertifikat əldə edəcəklər", - deyə F.Aşurbəyli vurğulayıb.