AZ

Türkiyə və İsrail Suriyada toqquşacaq? - RƏY

"Bu gün dünyanın diqqəti Suriyada baş verən proseslərdədir". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Türkiyə Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra dövlətçiliyin və xalqın iradəsi ilə formalaşan hakimiyyətin qurulmasına çalışır:

"Bəzi qüvvələr isə bu prosesə mənfi təsir göstərən addımlar atırlar. Türkiyə Suriya ilə ən uzun sərhədə sahib dövlət kimi orada baş verən proseslərə görə narahat olması başadüşüləndir. Nəzərə almaq lazımdır ki, Suriyadan terror təhlükəsi həmişə qardaş ölkəyə sıçrayıb.

Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlayandan sonra milyonlarla suriyalı Türkiyəyə mühacirət edib. Rəsmi Ankara isə bu günə qədər onların təhlükəsizliyi və həyat şəraitlərinin təmin edilməsi ilə bağlı addımlar atıb. Bu baxımdan, Türkiyənin sözügedən ölkədəki proseslərə müdaxilə etməsi təbiidir".

372823

Ekspert qeyd edib ki, İsrail dövləti də Suriyada baş verənlərlə bağlı narahatçılığını bildirir:

"Hansı ki, tarix boyu həmişə Suriya ilə İsrail arasında qarşıdurma olub. İsrailin Suriyada baş verən proseslərə müdaxilə etməsi orada Türkiyə ilə maraqlarının toqquşmasına səbəb olur. 

Hətta zaman-zaman tərəflər arasında Suriyada qarşıdurmanın olacağı ilə bağlı fikirlər də səsləndirilir. Hesab edirəm ki, iki ölkə arasındakı gərginliyə səbəb kənar qüvvələrin təsiridir". 

Xəyal Bəşirov diqqətə çatdırıb ki, Türkiyə Suriyada hər hansısa mənfi prosesin reallaşmasından yana deyil:

"Bəzi qüvvələr Suriyadakı mövcud vəziyyətdən istifadə edərək öz istəklərinə nail olmağa cəhd göstərirlər. Lakin bu günə qədər Türkiyə İsrailin orada atdığı addımlara cavab verməyib. Əks təqdirdə, tərəflər arasında çoxdan toqquşma yaşanırdı.

Bəzi qüvvələr də Ankara ilə Təl-Əviv arasında razılığın əldə olunmasına çalışırlar. Onlardan biri də Azərbaycandır. Zaman-zaman rəsmi Bakının tərəflər arasındakı proseslərə müsbət təsir göstərdiyinə şahid olmuşuq. Ölkəmiz Türkiyə və İsrail arasında hansısa toqquşma olmaması üçün əlindən gələni edir". 

Lakin onun fikrincə, Türkiyə ilə İsrail arasında hər an Suriyada toqquşma yaşana bilər:

"Çünki Suriya çox həssas bir regiondur. Yaxın Şərqdə baş verən proseslər dünya güclərinin də marağındadır. Ona görə də Suriyada istənilən an bəzi qarışdırıcı və destruktiv qüvvələrin təsiri altında toqquşmalar baş verə bilər. Bunun bu günə qədər baş verməməsi, bundan sonra da olmayacağı demək deyil". 

Pərviz

Seçilən
0
hit.az

1Mənbələr