Bakı, 6 may, AZƏRTAC
Birləşmiş Ştatları könüllü tərk edən qeyri-leqal miqrantlara 1000 dollar ödəniləcək.
AZƏRTAC “NBC News” telekanalına istinadla xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti bu ölkəni könüllü tərk etmək üçün “CBP Home” proqramından istifadə edənlərə səyahət yardımı və 1000 dollar yardım edəcəyini açıqlayıb.
ABŞ administrasiyası qeyri-qanuni mühacirləri ölkədən deportasiyaya razı salmağa çalışır. Federal Departament bu ölkəni könüllü tərk etmək üçün “CBP Home” tətbiqindən istifadə edənlərin vətənlərinə qayıtmasını asanlaşdırmaq məqsədilə onlara yardım veriləcəyini və miqrantların bu niyyəti təsdiqləndikdən sonra əlavə 1000 dollar ödəniləcəyini açıqlayıb.
ABŞ daxili təhlükəsizlik katibi Kristi Noem deyib ki, özünü deportasiya həbs edilmədən Birləşmiş Ştatları tərk etməyin ən yaxşı, təhlükəsiz və sərfəli yoludur.
Agentliyin məlumatına görə, bir deportasiya ABŞ vergiödəyicilərinə 17 121 dollara başa gəlir. Federal Departament özünü deportasiyanın nağd ödənişlə olsa belə, xərcləri 70 faiz azaldacağı qənaətindədir.
Vaşinqtonda yerləşən Miqrasiya Siyasəti İnstitutunun məlumatına görə, azı 5000 immiqrant bu il ölkəni könüllü tərk etdiyini bildirmək üçün “CBP Home” proqramından istifadə edib. Bu proqram internetdə 2025-ci ilin əvvəlindən təxminən 300 min dəfə yüklənib. Mart ayında Tramp administrasiyası 200 milyon dollar xərcləyib və proqramın qaydalarını dəyişib.
Bundan əvvəl Tramp administrasiyası qeyri-qanuni mühacirləri ABŞ-ı tərk etmədiyi təqdirdə gündə 998 dollar cərimələməyi, həmçinin cəriməni ödəmədiyi halda əmlaklarını müsadirə etməyi planlaşdırdığını bildirib.