AZ

Ümummilli Liderin ömür yolu Azərbaycan xalqının mübarizəsinin, qürurunun və zəfərinin təcəssümüdür

Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan tarixində əbədi iz qoymuş, xalqın qəlbində özünə əbədi yer tutmuş dahi şəxsiyyətlərdən biri, heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyevdir. Onun adı Azərbaycanın müstəqilliyi, dövlətçiliyi və inkişafı ilə ayrılmaz şəkildə sıx bağlıdır. Dərin zəkası, siyasi uzaqgörənliyi və xalqına sonsuz məhəbbəti ilə Heydər Əliyev təkcə bir lider deyil, həm də millətin güvənc, fəxr yeri olmuşdur.

1923-cü il mayın 10-da Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan ulu öndər Heydər Əliyev nəsillərə nümunə olan şərəfli ömür yolu keçib, daim xalqımızın rifahı, Azərbaycan naminə çalışıb. Azərbaycanın qədim və zəngin tarixə malik bölgəsi olan Naxçıvan, onun formalaşmasında mühüm rol oynamışdır. Uşaqlıq illərindən elmi biliklərə, tarixə və xalqına dərin maraq göstərən Heydər Əliyev, məktəb illərindən öz liderlik bacarıqları ilə seçilirdi. Ulu öndərimiz Azərbaycanı həyatının mənası hesab edirdi. Bu səbəbdən o, Azərbaycanı müqəddəs yer kimi uca tutur, azərbaycanlı olmağı ilə fəxr edirdi.

O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil almış, 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib, daha sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsində (DTK) xidmətə başlamışdır. Moskva şəhərində xüsusi ali təhsil alaraq peşəkar təhlükəsizlik və idarəçilik bacarıqlarını mükəmməlləşdirmişdir.

1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev, bu vəzifədə çalışdığı dövrdə Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında inqilabi dəyişikliklərə imza atmışdır. Onun rəhbərliyi ilə ölkədə yeni sənaye müəssisələri, təhsil və mədəniyyət ocaqları yaradılmış, kənd təsərrüfatı sahəsində irəliləyişlər əldə olunmuşdur.

SSRİ miqyasında böyük nüfuza malik olan Heydər Əliyev 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuşdur. Bu vəzifədə çalışaraq ittifaq miqyasında böyük iqtisadi və sosial layihələrin həyata keçirilməsində fəal iştirak etmişdir. Bu, azərbaycanlı bir siyasətçi üçün çox nadir və böyük nailiyyət idi. Onun Moskvadakı fəaliyyəti dövründə Azərbaycanın maraqları daim diqqət mərkəzində saxlanılırdı.

Ulu öndərin fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında ölkəni xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, bəlalardan qurtarmağı bacarmışdır.

Hər zaman xalqın yanında olan və xalqın arzu-istəklərinin reallaşdırılması üçün öz canını belə, əsirgəməyən Ulu Öndər 1993-cü il iyunun 9-da Muxtar respublikadan Bakıya qayıtmaqla xalqın ölməkdə olan ümidlərini özünə qaytardı. Milli tariximizin bu unudulmaz günündə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə paytaxtına qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən xilas edildi. Ümummilli liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, sosial-iqtisadi dirçəlişə, dövlətimizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyinin gücləndirilməsinə imkan verdi. Milli həmrəylik təmin edildi, dövlətçiliyin əsasları yaradıldı, ölkədə iqtisadi tərəqqiyə geniş yol açıldı. Ulu öndər Azərbaycanda ictimai-siyasi vəziyyətin böhranlı bir dönəmində öz həyatını belə təhlükə altında qoyaraq baş verə biləcək təhlükələrin qarşısını almaq üçün bütün məsuliyyəti öz çiyinlərinə götürdü və bütöv bir xalqın, millətin xilaskarına çevrildi. Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır.

Ulu öndərin Azərbaycan KP MK-ya rəhbərlik etdiyi dövrdə Qubada da əsl tərəqqi, inkişaf baş verdi. Ötən əsrin 70-80-ci illərində Quba rayonunda sənayenin, kənd təsərrüfatının, elm, təhsil və mədəniyyətin, ümumilikdə xalq təsərrüfatının bütün sahələrinin dinamik inkişafı təmin edilmiş, yüzlərlə obyekt tikilib istifadəyə verilmişdir. Həmin dövrdə, indinin özündə olduğu kimi minlərlə kənd adamının dolanacaq yeri olan 10 min hektardan çox intensiv bağ salınmışdır.

“Qubaya çox gözəl təbiət bəxş olunubdur. Quba bağlar diyarı adlandırılır. Bəli, burada çox gözəl bağlar var və uca Şahdağ da buraya çox gözəllik verir.”-deyən ulu öndər həmişə Qubaya böyük diqqət və qayğı göstərib. 1974-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə keçirilən plenumda Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti “Respublikada meyvəçiliyi intensivləşdirmə və ixtisaslaşdırma əsasında daha da inkişaf etdirmək tədbirləri haqqında” qərar qəbul etmişdir. Qərarda qeyd edilirdi ki, respublikada meyvəçiliyin vəziyyəti müasir tələblərə uyğun deyildir. Odur ki, 1976-77-ci illərdə Quba rayonundakı Kirov adına, Jdanov adına, “Moskva”sovxozlarında 1200 hektar sahədə torpaqların su təminatını yaxşılaşdırmaq üçün Qudyalçay üzərində əlavə olaraq su nasos stansiyası tikilsin, qəsəbə kanalı yenidən qurulsun və Şıx Əhməd arxının uzadılması təmin edilsin.

Kənd Tikintisi Nazirliyi və Sovxozlar Nazirliyi Quba rayonundakı SSRİ-nin 50 illiyi adına sovxozda 1150 tonluq, “Partiyanın XXII qurultayı” adına sovxozda 700 tonluq meyvə anbarları və buzxanaların tikintisinin başa çatdırılmasını təmin etsin.

1976-80-ci illərdə rayonumuzda 8000 hektar sahədə intensiv tipli yeni meyvə bağlarının salınması və 100-150 min ton meyvə istehsal edilməsi bir vəzifə kimi qarşıya qoyulmuşdu. İllər ötdükcə nəzərdə tutulan bütün layihələr həyata keçirildi. 1976-80-ci illərdə Quba-Xaçmaz bölgəsində16 min hektar intensiv tipli meyvə bağları salındı. Bu bağların məhsuldarlığı 1990-cı illərdə hektardan 500-600 sentnerə çatmışdı. Təkcə rayonumuzda 1983-cü ildə 100 min ton meyvə istehsal olundu ki, bu da o dövr üçün ən yüksək göstərici idi. Kənd təsərrüfatı sahəsində çalışanlara böyük diqqət və qayğı göstərilirdi. Ötən əsrin 90-cı illərində intensiv tipli meyvə bağlarından alınan yüksək məhsul əhalinin dolanışığının yaxşılaşmasına, bölgələrdə iqtisadiyyatın yüksəlməsinə kömək etdi ki, bu da ulu öndərin uzaqgörən siyasətinin nəticəsi idi.

Sovetlər Birliyinin dağılması nəticəsində torpaqların sahibsiz qalması bir çox yerlərdə intensiv tipli meyvə bağlarının sıradan çıxmasına, zəifləməsinə səbəb oldu. Açıq desək kəndli torpaqdan uzaqlaşmış, başqa sahələrə üz tutmuşdu. Yalnız ulu öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra bu çatışmazlıqlar aradan qaldırıldı. Onun təşəbbüsü ilə keçmiş müttəfiq respublikaları arasında ilk olaraq Azərbaycanda torpaq islahatı aparıldı. Beləliklə, torpağın əsl sahibinə qaytarılması ilə kənd təsərrüfatında dirçəlmə baş verdi, ölkəmizdə məhsul bolluğu yaradıldı. Aqrar islahatlara start veriləndə rayonumuzda 37 sovxoz və digər bu kimi dövlət müəssisələri var idi. Həmin müəssisələrə məxsus olan 13424 hektar meyvə bağı islahat yolu ilə əhalinin mülkiyyətinə verildi.

Respublikada səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən böyük layihələr də Heydər Əliyevin müəyyənləşdirdiyi uzun müddətli strateji xətlə bağlıdır. “Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir” fikrini ifadə edən ümummilli lider hələ 1969-82-ci illərdə respublikamıza rəhbərlik edərkən, eləcə də, 1982-87-ci illərdə SSRİ dövlətinin rəhbərlərindən biri kimi səhiyyəmizin inkişafını, yüksəlişini təmin etmək üçün bütün mümkün tədbirləri həyata keçirmişdir.

SSRİ rəhbərliyində çalışdığı illərdə rayonumuzun səhiyyəsində də bir çox işlər görülmüşdü. Məhz Heydər Əliyevin yorulmaz fəaliyyəti və əməyi nəticəsində o dövrlər üçün tayı-bərabəri olmayan çox möhtəşəm Quba doğum evi kompleksi tikilib istifadəyə verilmişdir. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən səhiyyə islahatı zamanın tələbinə uyğun yeniləşmə bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Qubada Müalicə Diaqnostika Mərkəzi, Qonaqkənddə xəstəxana binası tikilib əhalinin istifadəsinə verilmiş, Mərkəzi Xəstəxananın maddi-texniki bazası, ən müasir tibbi avadanlıqlar və texnika ilə möhkəmləndirilmişdir. Məhz bu texnikanın sayəsində Müalicə Diaqnostika Mərkəzində ürək cərrahı və böyrək köçürmə əməliyyatları aparılır. Hazırda prezidentin ayırdığı vəsait hesabına mərkəzi xəstəxananın həyətində müasir standartlara cavab verən bina inşa olunaraq istifadəyə verilib.

Ulu öndər mətbuata, söz azadlığına da həmişə böyük qiymət verib. Məhz onun təşəbbüsü ilə Azərbaycanda senzura ləğv olunub. Fəxredici haldır ki, bu dahi insan rayonumuzda çıxan “Şəfəq” qəzetini də yaxından tanıyırdı. Azərbaycanda rayon mətbuatının ağsaqqalı sayılan, “Əxbar”dan başlamış “Şəfəq”ə qədər müxtəlif adlarla nəşr olunan qəzetin 75 illiyi yubileyində onun redaksiyaya təbrik məktubu göndərməsi tək qəzetə deyil, bütün qubalılara olan sevgisinin və qayğısının təzahürü idi. Təbrikdə deyilirdi: “Quba rayonu əhalisinin istək və arzularını, ictimai-iqtisadi və siyasi həyatımızın bütün sahələrini daim öz səhifələrində əks etdirən və əsası 75 il bundan qabaq qoyulmuş “Şəfəq” qəzeti çox zəngin və şərəfli bir inkişaf yolu keçmişdir”.

Azərbaycanın dahi, müdrik oğlunun öz xalqı və vətəni üçün gördüyü işlərin həcmi o qədər böyükdür ki, bütün bunlara görə onun adı dünya miqyaslı siyasi liderlərlə yanaşı çəkilir. Heydər Əliyev təhsilin inkişafına da böyük diqqət yetirmişdir. Sovet dövründən müstəqil Azərbaycana yalnız köhnə məktəb binaları miras qalmışdır. Müqayisə üçün qeyd edək ki, Sovet cəmiyyətinin bərqərar olduğu 70 il ərzində rayonumuzda əgər 17 məktəb binası tikilmişdisə, hazırda bunun sayı 80-dən yuxarıdır.

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə həmişə xalqla birlikdə olub. Onun şəxsiyyət kimi siyasi fəaliyyəti də açıq şəkildə xalqın gözü qarşısında idi. Ulu öndər həmişə deyirdi: “Xalq hər şeyi bilməlidir, xalqın gözü tərəzidir.” O eyni zamanda “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam... Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır” deyirdi. 1998-ci ilin oktyabr ayında Qubaya gəlişi bütün qubalıların sevincinə səbəb oldu. Böyükdən-kiçiyə kimi hamı mərkəzi meydana toplaşmışdı. Heydər Əliyev öz çıxışında Qubanın tarixi, mədəniyyəti ilə bağlı xoş sözlər ifadə etdi. Həmin görüş qubalıların yaddaşında silinməz izlər buraxdı.

Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır.

Heydər Əliyevin adı bu gün də xalqımız üçün müdriklik, uzaqgörənlik və dövlətçilik rəmzidir. Onun irsi müasir Azərbaycanın inkişaf strategiyasının əsası kimi qalır. Təhsil, ordu quruculuğu, beynəlxalq əlaqələr və milli dəyərlərin qorunması sahəsində Heydər Əliyevin qoyduğu təməl prinsiplər bu gün də aktuallığını saxlayır. Onun əziz xatirəsi yalnız Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası və beynəlxalq ictimaiyyət üçün böyük önəm kəsb edir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında təkcə böyük dövlət xadimi kimi deyil, həm də vətənə, xalqa xidmət nümunəsi olan əbədi bir lider kimi yaşayır.

Onun əziz xatirəsi daim uca tutulacaq, ideyaları isə gələcək nəsillərə yol göstərəcəkdir.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
icma.az

1Mənbələr