BAKI, 6 may. TELEQRAF
Ağcabədi rayonunda orta məktəb şagirdinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücüyə hökm oxunub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə 10 iyul 2024-cü ildə baş verib.
2001-ci il təvəllüdlü Ağdam rayon sakini Əhməd Babayev (ad-soyad şərti verilib – red.) həmin gün saat 18 radələrində “Mercedes Benz C240” markalı minik avtomobili ilə Ağcabədi-Ağdam yolunun 1-ci kilometrliyində, Ağabəyli kəndi ərazisində sürət həddini aşıb. Bu zaman yolun solundan sağa doğru keçən piyada Uğur Quliyevi vurub. Azyaşlı aldığı xəsarətdən ölüb.
Əhməd Babayevin barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən Əhməd Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhərində məskunlaşıb yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm. Atama məxsus “Mercedes C240” markalı avtomobili etibarnamə əsasında idarə etmişəm.
10 iyul 2024-cü ildə saat 18 radələrində avtomobillə Ağabəyli kəndi ərazisindən keçərkən qabaqda yolun sol kənarında uşaq dayandığını gördüm. Maşını yolun sağ kənarı ilə idarə etməyə davam etdim. Hansı sürətlə sürdüyümü xatırlamıram. Yolda maşın çox idi. Bir də gördüm ki, avtomobilin sol yan tərəfinə anidən kimsə dəydi. Dərhal maşını yolun sağ ehtiyat hissəsində saxladım. Toqquşma baş vermiş yerə adamlar yığışmışdı. Yaxınlaşanda gördüm ki, yolun kənarında duran uşağı vurmuşam.
Uşaq anidən qarşıma çıxdı, onu avtomobilin sol kənarı ilə vurdum. Hadisə baş verən zaman maşında məndən başqa heç kəs olmayıb. Ətrafdakı insanlardan kömək istədim ki, uşağı köməkli xəstəxanaya aparaq. Tanımadığım bir ağsaqqal mənə yardımçı oldu. Uşağı xəstəxanaya təhvil verdikdən təxminən 15 dəqiqə sonra bildim ki, aldığı xəsarətlərdən dünyasını dəyişib”.
İş üzrə zərərçəkmiş Uğur Quliyevin hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, taksi sürücüsü kimi fəaliyyət göstərir: “Qəza nəticəsində ölən oğlum Uğur 556 saylı qəsəbədə 1 saylı tam orta məktəbdə 4-cü sinifdə oxuyurdu. Həmin gün saat 18 radələrində atam Məmmədxan Quliyev zəng edərək bildirdi ki, Uğur yol-nəqliyyat hadisəsində xəsarət alıb və Ağcabədi rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanaya çatanda bildim ki, uşaq aldığı xəsarətlərdən ölüb”.
Bu cinayət işinə Ağcabədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əhməd 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib və 2 il müddətə azadlıqdan məhrumetmə cəzası alıb. Cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.