ain.az bildirir, 525.az saytına əsaslanaraq.
Neftçala rayonu Q.Nuralıyev adına Xol Qaraqaşlı kənd tam orta ümumtəhsil məktəbində görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
525.az xəbər verir ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Ruhəngiz Nəcəfova açıb. Sonra Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, AYB-nin Muğan bölməsinin sədri, yazışı-publisist Nəbi İbrahimov, Azərbaycan Coğrafiya Cəmiyyətinin həqiqi üzvü, tədqiqatçı- müəllim Nadir Rüstəmov, Neftçala RİH başçısının Xol Qaraqaşlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin vəzifələrini müvəqqəti icra edən Hilal Əhmədov, Neftçala RİH-nin Başçısının Xol Qarabucaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Əsgərov Gündüz, məktəb direktorları, məktəbin şəhid məzunlarının valideynləri, müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirin aparıcısı R.Nəcəfova Əli Tudənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirilib ki, Əli Tudənin əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan valideynləri Şimali Azərbaycana köçüb, şair 1924-cü il yanvarın 31-də Bakıda dünyaya gəlib. O, Bakıdakı 150 saylı orta məktəbdə oxuduğu illərdə Bakı Pionerlər Sarayının nəzdində şair Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvlərindən biri olub. Artıq 13 yaşında ikən ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub. 1938-ci ildə repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilib. 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub, silahı və qələmi ilə mübarizə aparıb.
Tədbirdə çıxış edənlər Əli Tudənin, çətin, məşəqqətli, lakin mənalı, mübariz həyat yolu haqqında danışıb, onun ədəbiyyatımızın inkişafında xidmətlərindən söz açıblar.
AYB-nin Cənubi Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz tədbirin təşkilində fəal iştirakına və səmərəli yaradıcılıq uğurlarına görə məktəbin direktoru R.Nəcəfovaya şair Əli Tudənin 100 illiyinə həsr olunmuş Fəxri Fərmanı və yubiley medalını təqdim edib.
Sonra məktəblilərin ifasında Ə.Tudənin şeirlərindən nümunələr səsləndirilib.
Nəbi İbrahimli
AYB-nin Muğan Bölməsinin sədri, yazıçı-publisist
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.