Azərbaycanın müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub. Səfər çərçivəsində kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev, Aqrar Sığorta Fondu İdarə Heyətinin sədri Fuad Sadıqov, Azərbaycan Mərkəzi Bankının sığorta siyasəti üzrə baş direktoru Vüsal Qurbanov, Maliyyə Nazirliyinin nümayəndəsi Gündüz Əliyev, Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Anar İslamov, ASF-nin hüquq şöbəsinin müdiri Əminə Qasımovadan ibarət nümayəndə heyəti Türkiyənin Sığorta və Fərdi Pensiya Tənzimləmə və Nəzarəti Agentliyi və Kənd Təsərrüfatı Sığortaları Sistemi – TARSİM təşkilatında görüşlər keçirib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Azərbaycan nümayəndələri Sığorta və Fərdi Pensiya Tənzimləmə və Nəzarəti Agentliyinin (SEDDK) sədr müavini və TARSİM İdarə Heyətinin sədr müavini Hande Hatunoğlu Kurtulan, TARSİM-in İdarə Heyətinin üzvü, Tarım Sığortaları Hovuzunun baş direktoru Bekir Engürülü, SEDDK-nın Vasitəçilər və ixtisaslaşdırılmış qurumlarla iş üzrə departament rəhbəri və TARSİM-in İdarə Heyətinin üzvü Işıl Konya ilə görüşüblər.
Müzakirələrdə hər iki ölkədə tətbiq edilən dövlət dəstəkli aqrar sığorta sistemləri ilə bağlı ümumi dəyərləndirmələr aparılıb, qarşılıqlı təcrübələr müzakirə olunub. Tərəflər Türkiyə və Azərbaycanın aqrar sığorta mexanizmi, onların fərqli cəhətləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi Türkiyənin TARSİM sistemi modeli əsasında yaradılıb. Aqrar sığorta mexanizminin əsas xüsusiyyəti sığorta haqqına 50 faizlik dövlət dəstəyinin verilməsidir. Sığorta haqlarının yarısının dövlət tərəfindən qarşılanması sayəsində fermerlər cüzi ödənişlə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər. Aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatları sığortalanır.
Aqrar Sığorta Fondu tərəfindən zərər çəkmiş sığortalı fermer və təsərrüfatlara sığorta ödənişləri hər il artmaqdadır. Fond fəaliyyətə başladığı vaxtdan indiyədək belə təsərrüfatlara, ümumilikdə, 15 milyon manata yaxın sığorta ödənişi həyata keçirib.