AZ

“Yaqub Məmmədov da taykeş ayaqqabı geyib, Hacıqabula toya gedib...”-Xalq artisti kimlərdən gileyləndi?-FOTO+ÖZƏL

 
“May ayının 1 də doğum günüm idi. Səhər tezdən durub getmişəm Atv kanalında “Rəngarəng” verilişinə. Ordan da günorta çıxıb getmişəm “Xəzər” kanalına. Axşam da doğum günümü qeyd etmək üçün dostların təkidi ilə restoranda olmuşam. Bilirsiniz ki, mən uzun illərdir Milli Konservatoriyada muğam fənnini tədris edirəm. Səhəri gün mənə zəng gəldi ki, tort kəsiləcək, rektor da gələcək. Mən də səhər saat 8-də yuxudan durdum. Qarderobun işığını yandırmadan ayaqqabının birini qara, birini isə qəhvəyi rəngdə geyinmişəm. Nə maşında fikir verməmişəm, nə də auditoriyada uşaqlar görüb. Mənim maşında səhnə ayaqqabım var. Əgər görsəydim əlbəttə ki, dəyişərdim. Bunu bilərəkdən etməmişəm, nə də ki, dəblə gedən adam deyiləm ki, bunu edim. Ola bilsin ki, qadınlarda belə bir dəb var, amma kişilərdə bu yoxdur”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Zabit Nəbizadə deyib. O daha sonra əlavə edib:
“Bu fotonu gərək işıqlandırmazdılar. Çünki bu günə qədər nə qalmaqalda olmuşam, nə də ki, heç kimlə pis münasibətim yoxdur ki, bunu bilərəkdən yaysın. Mən 35 ildir ki, sənətdə və səhnədəyəm. Kollektivlə şəkili çəkdirəndən sonra bir sənət dostum yaxınlaşıb mənə ayaqqabılarımın dəyişik olduğunu dedi. Mən o şəkili sildirə də bilərdim, amma etmədim. Çünki burada böyük bir qəbahətin olduğunu düşünmürəm. Əslində bu hadisə mənim nə qədər məsuliyyətli olmağımdan, həmkarlarıma olan hörmətimdən irəli gəlir. Mən həmin görüş üçün gecikirdim. İstəməzdim ki, kimsə gəlib məni gözləsin. Bu fotonu paylaşan səhifələrdəki rəyləri oxuyuram, hamı onları qınayır, bir yaxşı rəy yazan yoxdur. Xalqın sevgisi budur. Yaqub Məmmədov 40 il bundan əvvəl sübh tezdən evdən çıxıb, Hacıqabulda gedib görüb ki, ayaqqabılarını səhv, taykeş geyinib. Sonra Kürdəmirdən ayaqqabı alıb, Ağcabədiyə toya gediblər” deyə xanəndə bildirib.
Xalq artisti televiziyalarda qonorar sisteminin olmadığını, müğənnilərin qazanc yerinin yalnız toydan olduğunu bildirib.
“Ölkədəki toylarda oxunan mahnıların əksəriyyəti Şirvan aşıqlarının havalarıdır. Aşıq musiqisi ozandan gəlir. Aşıq yarananda xanəndə heç yox idi. Aşıq xanəndənin ustadı olub. Xanəndələr aşıq yanında oxuyub püxtələşiblər. Mən gedib toyda çıxış edəndə istənilən mahnını oxuya bilərəm. Tələbat tək pul qazanmaq deyil. Mən bu sənətə gələndə o qədər toylardan imtina edib demişəm ki, mən özümü radio və televiziya üçün hazırlayıram. Radioda, televiziyada oxuyanda bizə qonorar verirlər? Yox! Amma mən başqa ölkədə oxuyanda konsertə görə bir anons yazırlar mənim üçün, az qala həmin konsertin pulunu ödəyirlər. Tək mənə yox, istənilən xanəndəyə.. Bu Fransada, Türkiyədə, Hollandiyada olub. Bizim televiziyalarda belə bir şey yoxdur. Müğənni nə etməlidir axı?!” deyə xanəndə bildirib.
Seçilən
0
moderator.az

1Mənbələr