ABŞ-nin müdafiə naziri Pit Heqset hazırda xidmətdə olan “dörd ulduzluların” və admiralların sayının ən azı 20 faiz azaldılması barədə göstəriş verib.
“Cebheinfo.az”-ın məlumatına görə, “CNN” bu barədə müdafiə nazirinin imzaladığı xidməti sərəncama istinadən məlumat yayıb.
Heqsetin fikrincə, yüksək rütbəli zabitlərin və əlavə vəzifələrin sayının azaldılması silahlı qüvvələrin nizamlanması və təşkili məqsədilə artıq strukturların ləğvi istiqamətində zəruri addımdır.
Bu baxımdan, müdafiə naziri hesab edir ki, ABŞ Milli Qvardiyasında generalların sayı 20 faiz, orduda və Hərbi Dəniz Qüvvələrində yüksək rütbəli zabitlərin ümumi sayı isə 10 faiz azaldılmalıdır.
CNN-in məlumatına görə, hazırda ABŞ Silahlı Qüvvələrində çiyin qayışlarında dörd ulduz olan 37 general və admiral var. Bir ulduzlu və daha yüksək rütbəlilərin sayı isə təxminən 900 nəfərdir.
Qeyd edək ki, aprelin 15-də Tramp administrasiyasının Dövlət Departamentinin büdcəsini təxminən yarıya qədər ixtisar etməyi planlaşdırdığı barədə məlumat yayılıb.