AZ

RIA Novosti-nin Moldova xəbəri növbəti manipulyasiya cəhdidir- Tural İsmayılov- ÖZƏL

"RİA Novosti"yə görə, Moldova dərsliyində moldovalıların millət kimi mövcudluğu rədd edilir. Bu iddia Rusiyanın Dnestryanı ilə bağlı planlarının siqnalı sayılır.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib. Siyasi şərhçi qeyd edib ki, RIA Novosti-nin Moldova xəbəri növbəti manipulyasiya cəhdidir:
"Rusiya hökumətinə yaxın olan RIA Novosti-də Moldova ilə bağlı belə bir iddianın qaldırılması Rusiyanın ənənəvi Moldova siyasətinin göstəricisidir. Ümumiyyətlə, RIA Novosti və bir çox digər media qurumu rəsmi Kreml direktivləri əsasında fəaliyyət göstərdiyi üçün, RIA Novosti-də Moldova haqqında yayılan bu tip məlumatları növbəti manipulyasiya cəhdi kimi qiymətləndirirəm.
Əslində, Rusiya bu normativləri ortaya atmaqla Moldovanın dövlətçiliyini şübhə altına almağa çalışır və eyni zamanda, separatçı Dnestryanı bölgə vasitəsilə Moldovaya təsir etmək niyyətindədir. Rusiya burada ideoloji və etnik zəmində separatçılığı daha da dərinləşdirməyə çalışır. Eyni zamanda Moldova tarixinin rumın kimliyi ilə bağlı təqdim olunması, Kremlin sevmədiyi "Böyük Rumıniya" ideyasını yenidən gündəmə gətirir. Rusiyada aparılan təbliğat isə təkcə Moldovaya deyil, Rumıniyaya qarşı yönəlib və Rumıniyanı Avropadan təcrid etməyə yönəlmiş siyasətin bir hissəsidir.
Hər bir halda, RIA Novosti-nin bu materialı Kremlin növbəti psixoloji təsir vasitəsi kimi dəyərləndirilə bilər. 2024-cü ildə Moldovada keçirilən prezident seçkiləri və Avropa İttifaqına üzvlük üzrə referendum zamanı Rusiya bu seçkilərə təsir göstərmək üçün bütün vasitələrdən istifadə etdi. Eyni zamanda, Rusiya yönümlü şəxslər Avropa İttifaqına qarşı ciddi kampaniyalar apardılar.
Lakin buna baxmayaraq, Rusiyanın burada istəkləri reallaşmadı və Maya Sandu xalqın dəstəyi ilə yenidən prezident seçildi. Rusiya 2025-ci ilin əvvəlində Dnestryanı bölgədə baş verən enerji böhranı prosesində də Moldovaya təsir imkanlarından istifadə etməyə çalışdı.
Bu gün isə həm Dnestryanı, həm də Qaqauziya məsələsindən Rusiya Moldovanın daxili işlərinə təsir etmək üçün fəal şəkildə istifadə etməyə cəhd edir. Və əlbəttə, bu kimi ideoloji gedişlər Cənubi Qafqazda da yeni gərginlik ocaqları yaradır. Nəzərə almalıyıq ki, bu gün yalnız Moldovada deyil, eyni zamanda Gürcüstanda da Abxaziya və Cənubi Osetiya kimi problemlər mövcuddur. Azərbaycana qarşı qurulan separatçılıq torunu isə Azərbaycan uğurlu siyasəti və hərbi əməliyyatları ilə sonlandırdı".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr