AZ

Binəqədidə evə silahlı hücumla bağlı məhkəmə başladı

Bakının Binəqədi rayonunda yaşayış evinə silahlı basqın etməkdə ittiham olunan 1994-cü il təvəllüdlü Orxan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, təqsirləndirilən şəxs Yevlax rayon sakinidir, həm də ali təhsillidir.
İşin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmə baxışı mayın 8-ə təyin olunub.
Qeyd edək ki, ötən ilin sentyabrın 9-da saat 21 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun yaşadığı Bakı şəhərinin Binəqədi rayonunda yerləşən mənzilə naməlum şəxslər silahlı basqın edərək külli miqdarda pul tələb edib.
Zərərçəkmişin övladının mənzildə quraşdırılmış müşahidə kamerası vasitəsilə görüntüləri izləyərək “102” Xidməti-Zəng Mərkəzinə verdiyi məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşlarına silahlı müqavimət göstərilib.
Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri ilə silahlı basqında iştirak edən şəxslərdən 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Eldəniz Şükürov zərərsizləşdirilib, digər şəxs isə hadisə yerindən yayınıb.
Hadisə ilə əlaqədar Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Prokurorluq və polis əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən dindirmə, axtarış, baxış və sair təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, basqında istifadə olunan 1 ədəd “Makarov” markalı tapança, giliz, əl-barmaq izləri və sair predmetlər maddi sübut qismində götürülüb.
Həyata keçirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, 1994-cü il təvəllüdlü Orxan Abdullayevin şəxsiyyəti müəyyənləşdirilib.
Toplanmış sübutlar əsasında Orxan Abdullayev Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və ya gəzdirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
0
teleqraf.com

1Mənbələr